Məktəblilər üçün ekskursiyalar

Paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir. Bakı şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdlərə milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.

“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, "İçərişəhər" və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqlarına və muzeylərə məktəblilərin səfərləri həyata keçirilir.

Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları ilə yaxından tanış olurlar.

Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir.

Bakı məktəbliləri üçün ekskursiyaların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...