BANM-ın tələbələri "CanSat Azərbaycan 2018" müsabiqəsində uğur əldə ediblər

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Azərkosmos” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsinin final mərhələsində iştirak ediblər. Ali Məktəbin 6 nəfər tələbədən ibarət “İnterstellar” komandası müsabiqədə ikinci yeri əldə edərək BANM-ı yüksək səviyyədə yarışda təmsil edib.

BANM-dan SİA-ya verilən məlumata görə, final mərhələsində 7 universitetdən 10 komanda iştirak edib. Tələbələr hazırladıqları 500 qramlıq peyk modelini daşıyıcı vasitəsilə 400 metrdən havaya buraxıblar. Buraxılan modellər tələbələrin hazırladıqları xüsusi proqram təminatı vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya göndərərək uçuş müddətində peyk modelindən şəkillərin çəkilməsini həyata keçirib. Daha sonra komandalar əldə etdikləri nəticələri Jüri qarşısında təqdim ediblər. BANM-ın tələbələrinin hazırladığı peyk modeli Jüri üzvlərinin böyük marağına səbəb olub və onlar komandanın işinin yüksək qiymətləndiriblər.

Ali Məktəbin “İnterstellar” komandasının hazırladığı peykin mexanika bölməsində Nəcəfov Hüseyn və Şəfiyeva Şəbnəm, elektronika bölməsində Quliyeva Pərvin və Ağayev İsmət, proqramlaşdırma bölməsində isə Kərimova Səadət və Əhədli Tərlan işləyiblər.

“Bu cür layihə bizim üçün tamamilə yeni bir sahədir. Bu səbəbdən biz çox həyəcanlı idik. Lakin bilikli, güclü komanda üzvlərimiz və motivasiyamız bizim layihədə ikinci yeri əldə etməyimizə səbəb oldu.” – deyə “İnterstellar” komandasının kapitanı Pərvin Quliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən “CanSat Azərbaycan 2018” müsabiqəsinin əsas məqsədi ölkədə tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə