Cəfər Cəfərov: "Müəllimlər Günü həyatımıza mühüm tarixi gün kimi daxil olub"

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Rektor Cəfər Cəfərov tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb. Rektor bildirib ki, oktyabrın 5-i xalqımızın həyatında çox xoş və əlamətdar bir gündür. Beynəlxalq Müəllimlər Günü dünyanın bütün mədəni və mütərəqqi xalqlarının həyatına mühüm tarixi bir gün kimi daxil olub. BMT-nin ali mədəniyyət qurumu olan UNESCO tərəfindən 1966-cı il oktyabrın 5-də verilən qərar əsasında hər il Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur.

Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva bildirib ki, Təhsil Nazirliyinin həyata keçirdiyi genişmiqyaslı islahatların əsas məqsəd və hədəflərindən biri müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması və cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun artırılmasıdır.

Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...