ADU-da “Xilaskar Ömrü” sənədli filmi nümayiş olunub - italyan dilində

Azərbaycan Dillər Universitetində (ADU) universitetin italyan mərkəzinin və Neapol-Bakı Assosiasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən “Xilaskar Ömrü” sənədli filminin təqdimat mərasimi keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, rejissor Tahir Əliyevin dahi şəxsiyyətin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ərsəyə gətirdiyi film Neapol-Bakı Assosiasiyasının və “Azərkitab” Kitab təbliğatı mərkəzinin birgə dəstəyi ilə italyan dilinə dublyaj olunub.

Tədbirdə italyan dilində təhsil alan tələbələrlə yanaşı, İtaliyanın Azərbaycandakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə ADU-nin italyan mərkəzinin rəhbəri Nərgiz Cəfərova açaraq Neapol-Bakı Assosiasiyası ilə təmsil etdiyi universitetin səmərəli əməkdaşlığından danışıb.

Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov Ulu Öndərin 1997-ci ilin 25-27 sentyabr tarixlərində İtaliyaya ilk rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi münasibətlərin təməlinin qoyulduğunu bildirib. Tədbirin məhz 25 sentyabrda keçirilməsini də bu tarixin iki ölkə arasında xüsusi əhəmiyyətə malik olması ilə əlaqələndirən E.Camalxanov, həmçinin bu il Azərbaycan ilk müstəqilliyini qazandıqdan sonra Avropaya təhsil almağa göndərilən 100 nəfərdən ibarət tələbə heyətinin də 100 yaşı olduğunu diqqətə çatdırıb. E.Camalxanov o zamanlar da öz dost münasibətini əsirgəməyən İtaliya dövlətinin digər ölkələrə viza alınmasında tələbələrimizə yaxından dəstək olduğunu, onların Fransa, İsveçrə və Almaniyaya yola salınmasında köməklik göstərdiyini deyib.

Filmin nümayişindən sonra Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlia Azərbaycana səfərindən məmnunluq duyduğunu bildirib. O, rəhbərlik etdiyi təşkilatın bundan sonra da iki ölkənin iqtisadi, mədəni və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərəcəyini xüsusi vurğulayıb.

C.Kaniqlia Assosiasiyanın dostluq medalını və Neapolun keçmişini və indisini özündə ehtiva edən şəkillərdən ibarət kitabı Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradova çatdırması üçün komitənin əməkdaşı Elvin Əsgərova təqdim edib. Səfir Auqusto Massariyə hədiyyə olunan italyan dilində “Azərbaycan” kitabı isə səfirliyin əməkdaşına verilib. İtalyan mərkəzinin kitabxanasının bədii ədəbiyyatla zənginləşdirilməsi məqsədi ilə Cüzeppe Kaniliyanın İtaliyadan gətirdiyi bir sıra kitablar mərkəzin rəhbəri Nərgiz Cəfərovaya təqdim olunub.

Yekunda DİDK-nin əməkdaşı Elvin Əsgərov da tələbələrə gələcək işlərində və diaspor fəaliyyətlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...