ADNSU-da Unibook birinci kurs tələbələrinin istifadəsinə verilib

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Unibook (Elektron universitet) birinci kurs tələbələrinə təqdim edilib. Universitetdən SİA-ya verilən xəbərə görə, ADNSU-nun İnformasiya Texnologiyaları (İT) departamentinin direktoru Elnur Səfərli Unibook haqqında tələbələrə geniş məlumat verib. Sistemin iş prinsipi, daxili qaydaları və digər bölmələri tələbələrə izah olunub.

E.Səfərli sistemin necə işlədiyi və istifadə qaydaları ilə tələbələri əyani şəkildə tanış edib. O, həmçinin qeyd edib ki, Unibook vasitəsilə tələbələr ayrı-ayrı tədris strukturları, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid bir informasiya mühitində istənilən fənn üzrə materiallar əldə edə, eləcə də hər bir müəllimin mühazirəsi və konspektləri ilə tanış ola bilərlər.

ADNSU-nun hər bir tələbəsinin fərdi olaraq portala giriş imkanına malik olduğunu vurğulayan E.Səfərli bunun üçün hər bir tələbənin xüsusi şifrəsi olduğunu və onların istədikləri zaman şifrələrini dəyişdirə və “Unibook”a daxil ola biləcəklərini deyib. O, həmçinin qeyd edib ki, tələbələr Unibook vasitəsilə istədikləri məlumatı öyrənə, laborator işlərini apara, istənilən dərs tapşrırıqlarını hazırlaya, bütün kafedralar haqqında məlumat ala və hətta anlamadıqları mövzu haqqında internet vasitəsilə müəllimlərlə əlaqə saxlaya bilərlər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, portalda universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdirilib. Dərslərin mövzusu müəllimlər tərəfindən doldurulur və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunur. Fənn proqamlarında isə keçilən fənnlər və ballar yer alır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə