Yeni tədris ilində təhsil robotlarının tətbiqinə başlanılıb

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsinin təmin olunması məqsədilə müxtəlif layihələr və tədbirlər həyata keçirir. Hazırda Təhsil Nazirliyinin sifarişinə əsasən, 5 ümumi təhsil müəssisəsi “Lego Education Mindstorms EV3” təhsil robotları ilə təmin olunub və 15 ümumi təhsil müəssisəsinə də avadanlıqların paylanılmasına başlanılıb. Bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ümumi təhsil müəssisələrinin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilir, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunur. Məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edir, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə biliklərə yiyələnirlər.

Təmin olunan robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün məktəblərə “Expansion” dəsti də paylanılır.

Cari ildən etibarən fizika və informatika dərslərində istifadə olunacaq avadanlıq dəstlərinin paylanılması nəzərdə tutulub. Bununla yanaşı, yeni dərs ilindən etibarən 12 məktəb ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş “Lego Education WeDo 2.0” robot dəstləri də əldə edəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə