ADPU bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb

Sentyabrın 20-də yeni tədris ilində yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinə qəbul olunan tələbələrlə görüş keçirilib. ADPU-dan SİA-ya verilən məlumata görə, rektor Cəfər Cəfərov universitetin zəngin tarixindən, elm və təhsil ənənələrindən bəhs edib. Yüzillik yubileyinə yaxınlaşan ADPU-nun ölkəmiz üçün böyük xidmətlər göstərdiyini deyən rektor universitetin fəaliyyəti dövründə 150 mindən çox pedaqoji kadr hazırladığını bildirib.

Qeyd olunub ki, builki tədris ilində filiallarla birlikdə 566 nəfər yüksək bal toplayaraq ali təhsil almaq üçün ADPU-nu seçib. Filologiya fakültəsinə 127 gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub. Onlardan 105-i Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına, 22-si isə xarici dil müəllimliyi-ingilis dili ixtisasına qəbul olunub. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunanlardan ikisi 600-dən yüksək bal toplayıb.

Görüşdə çıxış edən sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov tələbələrə daha böyük uğurlar arzulayıblar.

Tələbələr ADPU-ya qəbul olunmalarından məmnunluqlarını bildirib, yaxşı müəllim və fəal vətəndaş kimi yetişəcəklərinə söz veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə