Bakı Atatürk Liseyi növbəti uğura imza atıb FOTOLAR

Sentyabrın 17-də Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində 2018-2019-cu dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan, ŞKTC-nin Bakı təmsilçisi Ufuk Turganer, Türkiyədən gəlmiş qonaqlar - Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının sədr müavini Sait Yusuf, dünyaca məşhur tarixçi alim, Prof. Dr. İlber Ortaylı, Türkiyə səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir, ATİB başqanı Cemal Yangın, Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı, KİV təmsilçiləri, həmçinin liseyin müəllimlərinin, şagird və valideynlərin qatıldıqları tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün, vətən uğrunda canlarından keçmiş şəhidlərin və vəfat etmiş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.

Çıxış edən Liseyin müdiri Hüseyn Dəmirəl Bakı Atatürk Liseyinin gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, vətənə, xalqa məhəbbətin aşılanmasında müstəsna rol oynadığını diqqətə çatdırıb. Liseyin tarixindən söz açan Hüseyn Dəmirəl təhsil ocağında diqqətəlayiq uğurlar qazanıldığını söyləyib. O, ötən tədris ilində liseyi bitirən 37 məzundan 36-nın Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin universitetlərinə qəbul olunduğunu qeyd edib.

Çıxışında həmçinin ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından da danışan Hüseyn Dəmirəl bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək dəyərləndirib.

Çıxışına qonaqları, müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbriklə başlayan TDAV başqanı Közhan Yazqan bu açılış törəninin Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə təsadüf etdiyini bildirib. Yüz il öncə baş verənlərə qısa ekskurs edən Közhan Yazqan iki qardaş ölkə arasındakı birliyin heç bir zaman sarsılmayacağını vurğulayıb.

Çıxışında Bakı Atatürk Liseyinin fəaliyyətinə də toxunan TDAV başqanı "Bakı Atatürk Liseyi tam 26 ildir ki, Turan Yazqan hocamızın göstərdiyi hədəflər istiqamətində Türk dünyasının gələcəyi olan şagirdləri yetişdirir və yetişdirməkdə də davam edəcək", - deyib.

Tədbirdə çıxış edən dünyaca məşhur tarixçi alim İlbər Ortaylı müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulayıb. O, Turan Yazqanın yadigarı olan Bakı Atatürk Liseyində ilk dəfə olduğunu söyləyib.
Digər çıxış edənlər də yeni tədris ilinin başlanması münasibətilə müəllim, şagird və valideynləri təbrik edib, uğurlar arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...