Daşkəsəndə müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib

Daşkəsən rayonunda təhsil infrastrukturunun inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllim və şagirdlər üçün normal tədris mühitinin yaradılması istiqamətində görülən işlərə uyğun olaraq, son 7 ildə rayonun Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə cavab verən yeni ümumtəhsil məktəbləri tikilib istifadəyə verilib, bir çox təhsil müəssisələri isə əsaslı və cari təmir edilib. SİA-nın xəbərinə görə, bunu Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev 2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə dair müəllimlərin ənənəvi sentyabr konfransındakı çıxışında deyib.

İcra hakimiyyətinin başçısı Ə.Abıyev bildirib ki, qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq pilot layihə çərçivəsində rayonun Güneykənd və Şahvələdli kəndlərində modul tipli məktəblər artıq quraşdırılıb və istifadəyə verilməsi üçün son tamamlama işləri aparılır. Daşkəsən qəsəbəsində, Almalı və Gurbulaq kəndlərində isə modul tipli məktəblərin quraşdırılmasına başlanıb.

Qeyd edilib ki, hazırda Daşkəsən rayonunda 42 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 26-sı tam orta, 14-ü ümumi orta, 2-si ibtidai məktəbdir.

Ümumilikdə rayon üzrə təhsil müəssisələrində şagirdlərin təlim-tərbiyəsi ilə 605 müəllim məşğul olur. Ötən dərs ilində ümumtəhsil məktəblərinə 3333 şagird cəlb edilib. Onlardan 1754 şagird şəhər və qəsəbə, 1579 şagird isə kənd məktəblərində təhsil alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...