40 minə yaxın abituriyent tələbə oldu

Dövlət imtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. DİM-dən SİA-ya verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 16-da (günün ikinci yarısında) «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaqdır.

Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Tələbə adı qazanmış şəxslər 2018-ci il avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bundan əlavə, 61 abituriyent idman sahəsi üzrə, 5 abituriyent isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün bakalavriatura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub. Müsabiqədənkənar qəbul olunmağa əsas verən digər kateqoriya - dünya fənn olimpiadalarının qalibləri ilə əlaqədar hər hansı bir müraciət daxil olmayıb.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır.

Həmin yerlərə ixtisas seçimi avqustun 16-dan 20-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə