Məktəbə hazırlıq qrupları bizə nə verir? ARAŞDIRMA

Uşağın şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyətə malik olan məktəbəqədər təhsil məktəbə qədəm qoyacaq fidanların əvvəlcədən hazırlanması üçün vacibdir. Bütün valideynlər uşaqlarını məktəbə hazırlamağa çalışır ki, balacalar məktəbdə müvəffəqiyyətlə oxusunlar.

Respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildən başlayaraq ölkəmizdə dövlət ümumitəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Təcrübə göstərir ki, məktəbə hazırlıq mərhələsindən keçmiş uşaq şagird olduğu zaman məktəbə, kollektivə daha tez alışır, ətraf mühiti dərk etməkdə, diqqət və yaddaşın formalaşması ilə əldə etdiyi bacarıq və vərdişlərini dərs prosesində istifadə edir, bu da ona dərsi mənimsəməsində böyük köməklik göstərir.

Məktəbə hazırlıq vacibdirmi və bu təhsil sistemi bizə nə verir?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Kamilə Əliyeva deyib ki, ölkəmizdə yaradılan məktəbəhazırlıq qruplarının ödənişsiz fəaliyyət göstərməsi, dövlətin öz vətəndaşlarına olan diqqətinin qayğısının nəticəsidir. Bu da bütün insanlar, cəmiyyət tərəfindən müsbət qarşılanır: “Məktəbə hazırlıq qruplarının yaradılmasında əsas mahiyyət 1-ci sinfə qəbul olan uşaqlarının yüklərinin yüngülləşməsidir. Belə ki, məktəbə hazırlıq qruplarına cəlb edilən uşaqlar 1-ci sinifdə təhsil aldıqda, onların işi xeyli asanlaşır. Bu, həm onların sağlamlığına, həm də inkişafına müsbət təsir edir”.

“Bəzi ölkələrdə məktəbəhazırlıq qrupları yoxdur”

Hər bir ölkədə məktəbəhazırlıq təhsil sisteminə yanaşmanın fərqli olduğunu deyən deputat bəzi dövlətlərdə məktəbə hazırlıq qruplarının olmadığını da dilə gətirib.

Təhsillə bağlı qanunvericilik bazası kifayət edirmi?

K.Əliyeva qeyd edib ki, Azərbaycanda təhsillə bağlı kifayət qədər qanunvericilik bazası mövcuddur: “Bildiyiniz kimi ölkəmizdə 2009-cu ildə “Təhsil haqqında” ana qanun qəbul edilib. İndi isə biz pillələr üzrə xırdalayaraq, “Məktəbəqədər təhsil”, “Ümumtəhsil”, “Peşə təhsili”, “Ali təhsil” haqqında qanun layihələri üzərində çalışırıq. Bilirsiniz ki, ana qanundan çıxacaq istiqamətlər üzrə bəzi qanun layihələr qüvvəyə minib, bəziləri isə gələcəkdə qüvvəyə minəcək”.

Məktəbə hazırlıq qrupları hansı zərurətdən yaranıb?

Məktəbə hazırlıq qruplarının yaranma zərurəti haqqında məlumat verən təhsil eksperti Almaz Həsrət bildirib ki, sözügedən qrupların yaradılmasında məqsəd uşaqların məktəbə uyğunlaşmasında problemlərin aradan qaldırılmasıdır: “Hər bir övlad valideyn üçün əzizdir. Valideynlərin əksəriyyəti övladlarını bağçaya getməyə qoymadıqları, ev şəraitində, dayə və nənə-baba himayəsində saxladıqları üçün belə uşaqların məktəbdə kollektivə uyğunlaşmasında müəyyən problemlərə səbəb olur. Bağça mühitində olmayan uşaqlarda bu problemlər daha çox özünü biruzə verir. Belə uşaqlar çox zaman valideyndən ayrıla bilmədiyi üçün məktəbdə daha çox ağlayır və sıxıntılar yaşayır. Məhz belə uşaqlarım məktəbə uyğunlaşması üçün belə bir təlimat verildi ki, ölkədə məktəbə hazırlıq qrupları yaradılsın və həmin uşaqlar şagird adını almamışdan öncə məktəb mühitinə öyrənsinlər”.

Müsbət tərəfləri

Ekspert söyləyib ki, məktəbə hazırlıq qruplarının müsbət tərəfləri uşaqların məktəbə tam hazırlıq vəziyyətə gətirilməsi, kollektiv mühitdə davranışa, ünsiyyətə malik olmasıdır: “Belə ki, həm bağça təhsili görən, həm də evdə dayə, nənə-baba və ya valideyn himayəsində olan uşaqlar məktəbəqədər hazırlıq qruplarına cəlb olunduqda bu, onların həm təhsilinə, həm məktəbdə davranışına, həm də ünsiyyətin formalaşmasına gətirib çıxarır”.

“Hazırlıq qruplarının sayının artırılmasına ehtiyac var”

A.Həsrət söyləyib ki, məktəbə hazırlıq qruplarının sayının artırılmasına ehtiyac var: “Bir çox hallarda valideynlər uşaqlarını evlərinə yaxın ərazidə yerləşən orta məktəbdə yaradılan məktəbə hazırlıq qrupuna yönəldir ki, övladı birinci sinfə gedəndə təhsilini də həmin məktəbdə və müəllimədə davam etdirsin. Lakin birinci sinfə qəbul üçün həyata keçirilən elektron qeydiyyat zamanı valideynlərin bu istəyi bəzi hallarda yerinə yetirilmir. Yaxın ərazidə yerləşən məktəblərdə I sinfə qəbul tələbatdan artıq olduğundan bir çox hallarda valideynlər çıxılmaz vəziyyətdə qalırlar. Belə olan halda, valideynlər evindən daha uzaq məsafədə yerləşən məktəblərə üz tutmalı olurlar”.

Qruplarda uşaqların sayına diqqət edilməlidir

Ekspert qeyd edib ki, əlavə qruplar açıldığı zaman bir qrupda təhsil alacaq uşaqların sayına diqqət etmək önəmlidir: “Bəzən bizdə bir qrupda 30-dan çox şagird təhsil alır. Bu gərəkli deyil. Uşaqların sayı 30-35-dən çox olan qrupları iki yerə bölmək mümkündür. Burada saya deyil, keyfiyyətə diqqət etmək lazımdır. Bu gün məktəblərimizdə bunun üçün hər bir şərait var. Bu məsələnin həlli həm məktəblərdə yerin olmamasından narazı qalan valideynlərə, həm də təhsilin keyfiyyətinin daha da artırılmasına kömək edə bilər”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, bu gündən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada - mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə( qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi(olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...