İxtisas seçimində problemlər və diqqətçəkən məqamlar ÖZƏL-EKSPERT RƏYİ

Ali məktəblərə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi demək olar ki, sona çatır. Məlumata görə, bu gün saat 10.00-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 11472, II ixtisas qrupu üzrə 8527, III ixtisas qrupu üzrə 9886, IV ixtisas qrupu üzrə 2888 nəfər ərizəsini təsdiq edib. I ixtisas qrupu rus bölməsi üzrə 1128, II ixtisas qrupu üzrə 920, III ixtisas qrupu üzrə 797, IV ixtisas qrupu üzrə isə 282 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 3017 nəfərdir. Ümumilikdə 5 ixtisas qrupu üzrə 38677 nəfər ərizəsini təsdiq edib. Belə olan halda, ixtisas seçimi zamanı abituriyentlər nəyə diqqət etməli və ümumilikdə ölkəmizdə ixtisas seçimi ilə bağlı vəziyyət necədir?

“Aşağı bal toplayan abituriyentlər də ödənişsiz ixtisaslar axtarır”

Məsələ ilə bağlı SİA-ya açıqlama verən təhsil eksperti Etibar Əliyev bildirib ki, ixtisas seçimi birmənalı şəkildə abituriyentin topladığı ballarla bağlıdır: “Bal yüksək olduqda seçim imkanları da genişlənir, daha rasional olur. Aşağı bal toplayanlar isə daha çox ödənişsiz ixtisaslar axtarırlar. Bunun özü yaxşı tendensiya deyil. Çünki, abituriyent seçdiyi ixtisası sevmir, sadəcə pulsuz olduğu üçün həmin ixtisas üzrə təhsil almağa üstünlük verir. Belə olan halda, peşəkar mütəxəssisin yetişməsi gözlənilən deyil”.

“700 bal toplayan abituriyentlər təmiz elmi seçmirlər”

Qəbul imtahanı zamanı maksimum nəticə göstərən abituriyentlərin də ixtisas seçimində müəyyən problemlərin olduğunu deyən ekspert söyləyib ki, bəzən 700 bal toplayanlar da seçimini düzgün etmirlər: “Dünya təcrübəsinə baxdıqda görürük ki, yüksək qabiliyyətə malik, istedadlı gənclərin böyük əksəriyyəti təmiz elmi, yəni fizika, riyaziyyat, biologiya, ədəbiyyat və tarixi seçirlər. Amma bizdə isə bu hal demək olar ki, nəzərə çarpmır. 700 bal toplayan abituriyentlər seçdiyi ixtisasın proqnozunu bilmədən daha çox prestijli sahələrə üstünlük verirlər. Bu elə məsələdir ki, burada əsas fikir valideynin deyil, abituriyentin olmalıdır. İxtisas seçimində abituriyentin hansı sahəni sevib və ona bağlı olduğu önəmlidir”.

“Nədənsə abituriyentlər ikinci ilə qalıb nəticəsini təzələmək istəmirlər”

E.Əliyev qeyd edib ki, nədənsə Azərbaycanda heç bir abituriyent ikinci dəfə hazırlaşaraq növbəti il yenidən imtahan vermək istəmir: “Əvvəl insanlar bir peşəyə yiyələnmək üçün illərlə çalışır, istədikləri ixtisasa 7-8 ildən sonra qəbul ola bilirdilər. Lakin indi heç bir abituriyent ikinci ilə qalıb nəticəsini təzələmək istəmir. Hətta imtahandan az bal toplamaq abituriyentlərin psixologiyasına təsir edir”.

İxtisas qrupları üzrə ixtisas seçimi ilə bağlı vəziyyət necədir?

Ekspert vurğulayıb ki, hər bir ixtisas qrupun özünün şah ixtisası var: “Aydındır ki, IV ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinin ixtisasları önəm kəsb edir. III ixtisas qrupu üzrə Hüquq, II ixtisas qrupunda İqtisad Universitetinin ixtisasları üzrə ciddi rəqabət gedir. I ixtisas qrupu yeganə qrupdur ki, orada ixtisaslar qarışıqdır. Abituriyentlər bu qrupda həm Azərbaycan Dövlət Neft və Sənaye, Texniki Universitetinin, həm də digər ali məktəblərin ixtisaslarını seçə bilirlər. II, III, IV ixtisas qruplarında gedən mübarizənin bir tərəfdən əhəmiyyəti odur ki, burada mübarizə daha yüksək bal toplayanlar arasında gedir və nəticə etibarı ilə bu ixtisaslar üzrə mütəxəssislər yetişə bilir. Düzdür, bizim ali təhsil sistemində müəyyən problemlər var. Ancaq onlar yüksək bal toplamaqla müəyyən problemləri aradan qaldırmış olurlar”

Məlumat üçün nəzərinizə çatdıraq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı, müsabiqəyə buraxılanlar və plan yerləri də açıqlanıb.

Belə ki, I qrup üzrə 10928 (Azərbaycan bölməsi), 1085 (rus bölməsi), 12013 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 16649 nəfər) (Plan yeri 14475), II qrup üzrə 8146 (Az. bölməsi), 873 (rus bölməsi), 9019 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 11698 nəfər) (Plan yeri 13395), III qrup üzrə 9447 (Az. bölməsi), 754 (rus bölməsi), 10201 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 14143 nəfər) (Plan yeri 10601), IV qrup üzrə 2811 (Az. bölməsi), 278 (rus bölməsi), 3089 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 4079 nəfər) (Plan yeri 3315), V qrup üzrə isə 2287 (Az. bölməsi), 293 (rus bölməsi), 2580 (cəmi).

Qeyd edək ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...