Təhsil Nazirliyi jurnalistləri mətbuat günü münasibətilə təbrik edib

Bu gün Təhsil Nazirliyi 22 iyul Milli Mətbuat günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə jurnalistləri peşə bayramı münasibətilə təbrik edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, 143 illik inkişaf tarixi keçən mətbuatımız "Əkinçi" qəzetinin ənənələrinə sadiq qalaraq təhsilə böyük diqqət göstərir: "Təhsil elə sahədir ki, bu istiqamətdə aparılan islahatların cəmiyyət tərəfindən anlaması üçün mətbuatın töhfələri böyükdür. Təhsil sahəsi çoxşaxəli olsa da, eyni zamanda mürəkkəb sahədir. Məlumatları işıqlandıran zaman burada baxış prizması çox vacibdir".

Nazirlik tərəfindən müəllimlərlə bağlı həyata keçirilən imtahanların medianın diqqətində olduğunu deyən C.Bayramov qeyd edib ki, müəllimlərin seçimi, onların məktəblərdə yerləşdirilməsi ilə bağlı bütün informasiyalar media tərəfindən geniş işıqlandırılır: "Ümumiyyətlə, müəllimlik peşəsinə yiyələnmək istəyənlərin sayı atmaqdadır. Bunun bir neçə səbəbi var. Onlardan biri son illər ərzində bu prosesin şəffaf keçirilməsidir". ki, insanların bu imtahanlara marağını artırıb".

Nazir bildirib ki, ildə təhsil sahəsində 3-5 faiz yenilənməyə nail ola bilirik: "İlk baxışda bu az rəqəm ola bilər. Amma hesab edirik ki, görülən işlər bu sahədə mühüm nəticələrə gətirib çıxaracaq. Media tərəfindən aparılan araşdırmalara hörmətlə yanaşılır. Nöqsanlar çıxanda bu istiqamətdə işlərin həyata keçirilməsində səylərimizi əsirgəmirik. Mən Təhsil Nazirliyi ilə əməkdaşlığınıza görə minnətdaram. Peşə bayramınız mübarək".

Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışaraq söyləyib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti iki ilə yaxın fəaliyyəti dövründə öz maarifçilik xüsusiyyətləri ilə seçilib. O bildirib ki, bu qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.

Ə.Amaşov çıxışının sonunda payız ayında jurnalistlərin aktiv qrupunun iştirakı ilə rayonların birində bir neçə günlük tədbir keçirilməsini təklif edib.

Tədbirin sonunda jurnalistlər mükafatlandırılıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə