"İbtidai siniflər üzrə ixtisaslı kadrlara ehtiyac var"

"Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin sayı təxminən 7 minə yaxındır". SİA-nın xəbərinə görə, bunu əhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirinin vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, daha çox rus bölməsində bütün fənlər və ibtidai siniflər üzrə ixtisaslı kadrlara ehtiyac var.

Müəllimlərin işə qəbulu ilə bağlı 50 mindən artıq şəxsin müraciət etdiyini deyən nazir müavini söyləyib ki, müraciət edənlərdən 46 839 namizədin elektron ərizəsi təsdiq edilib və onlar müsabiqədə iştirak etmək hüququ qazanıb.

M. Vəliyevanın sözlərinə görə, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib:" Müəllimlər komputer vasitəsilə cavablandırdıqları sualların nəticələrini 90 dəqiqənin tamamında özləri də görür. İyulun 16-dan başlayaraq hər gün təxminən 4 min nəfərə yaxın namizədin test imtahan mərhələsində iştirak edir. Test imtahan mərhələsindən uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə