Bakı məktəbliləri İspaniyanın Barselona şəhərində keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) forumunda ölkəmizi təmsil edib. SİA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 257 nömrəli tam orta məktəbin şagirdi Ayxan İsmayılov, 191 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Əlili və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi Urfan Rəhimzadə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının dəstəyilə foruma qatılıb.

Forum Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) tərəfindən təşkil olunub.

Tədbirin məqsədi ENOC-a üzv seçilmiş 10 təsisatın, o cümlədən Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi “Danışın gənclər, uşaqların mental sağlamlığı barədə danışın!” adlı layihənin icrası ilə bağlı görülən işlərin təqdimatı, təcrübə mübadiləsi və uşaqların mövzu üzrə təkliflərinin onların iştirakı ilə müzakirəsindən ibarətdir.

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvü olan Bakı məktəbliləri tədbirdə təqdimatla çıxış edərək layihə çərçivəsində ölkədə həyata keçirilən işlər barədə danışıblar.

Həmçinin, layihə çərçivəsində mental sağlamlığa dair ölkədə həyata keçirilən fəaliyyət barədə müzakirələr aparılıb, bu istiqamətdə görüş, mövzu ətrafında müzakirə və qrup işlərinin aparıldığı diqqətə çatdırılıb. Forumda uşaqların sağlamlıq hüququna, o cümlədən mental sağlamlığına dair Azərbaycan uşaqlarının fikir və təklifləri maraqla qarşılanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə