UFAZ-ın 40 tələbəsi Strasburqda yay məktəbində iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 40 tələbəsi 2 həftə ərzində Strasburqda Yay məktəbində iştirak ediblər. Universitetdən SİA-ya verilən xəbərə görə, iyunun 30-dan başlanan Yay məktəbində tələbələr intensiv fransız dili dərsləri keçib, Strasburq Universitetinin bir neçə elmi labotratoriyalarında olublar. Fransaya səfər zamanı mədəni proqram çərçivəsində tələbələr Avropa Şurası və Avropa Parlamentində olaraq adı çəkilən qurumların fəaliyyəti ilə tanış olublar.

Yay məktəbində iştirak edən tələbələrlə yanaşı Strasburqa həmçinin UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov və UFAZ-ın bir neçə müəllimi də səfər edib. Yay məktəbinin ikinci həftəsində UFAZ tələbələri Strasburq Universitetinin prezidenti Michel Deneken və universitetinin digər nümayəndələri ilə görüşüblər. UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov tələbələrə göstərilən diqqətə, eləcə də Yay məktəbinə və bütövlükdə UFAZ layihəsinə verilən yüksək qiymətə görə Strasburq Universitetinin prezidenti Michel Denekenə təşəkkürünü bildirib. Michel Deneken UFAZ tələbələrinin Strasburq Universitetinin tələbəsi statusunu daşıdığını qeyd edərək onlarla səmimi söhbət edib. Bu ilki Yay məktəbinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğu dövrə təsadüf etdiyini söyləyən Strasburq Universitetinin prezidenti ADR-in müstəqil dövlət olaraq de-fakto tanınmasının Fransanın paytaxtı Parisdə baş verməsinı məmnunluqla ifadə edib və bunun böyük önəm daşıdığını tələbələrin diqqətinə çatdırıb.

Strasburqa səfər çərçivəsində UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov Strasburq Universitinin prezidenti Michel Deneken, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru İrinie Jacoberger, vitse-prezident Philippe Turek, kimya fakültəsinin direktoru Jean-Marc Planeix, eləcə də UFAZ-ın Unistra üzrə koordinatoru Eckhart Hotzel və UFAZ-ın elm üzrə eksperti Pierre Collet ilə görüşlər keçirib, UFAZ-ın gələcək prespektivləri və digər məsələlərlə bağlı müzakirələr aparıb.

UFAZ-ın 40 tələbəsinin Strasburqda Yay məktəbində iştirakı ənənəvi xarakter daşıyır. 2017/2018-ci tədris ilində I və II kursu ən yaxşı qiymətlərlə başa vurmuş 40 tələbə Strasburqda olduqları müddət ərzində fransız dili, təhsil aldıqları ixtisaslar üzrə biliklərini, o cümlədən laboratoriya məşğələləri ilə bağlı biliklərini zənginləşdirməklə yanaşı onlar üçün təşkil olunmuş mədəni proqram çərçivəsində həmçinin istirahət də edərək Azərbaycana qayıdıblar. Strasburq Universitetinin nümayəndələri Yay məktəbində iştirak edən tələbələrin yüksək intellektual səviyyələrini və dərslərə çox diqqət göstərdiklərini məmnunluqla ifadə ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə