ADU-da Böyük Çay Yolu tarixi mövzusunda seminar FOTO

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Böyük çay ipək yolunun tarixi” adlı elmi seminar keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, açılış nitqi ilə çıxış edən ADU Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin çayının ən qədim növü sayılan Puerin Çinin daxili bölgələrindən Tibetə və daha da qərbə nəql edilməsi, karvan yollarının bir hissəsi olan “qədim çay yolu” haqqında danışıb.

Kənd təsərrüfatı sahəsində Azərbaycan-Çin əməkdaşlığının perspektivləri barədə danışan Rafiq Abbasov, bu əməkdaşlığın xüsusilə Azərbaycan çayının inkişafı baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, ixrac potensialının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən "2018-2027-ci illərdə Azərbaycan Respublikasında çay sənayesinin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi xüsusi önəmə malikdir.

Çinin Sıçuan əyalətinin Kənd Təsərrüfatı Məhsullarının Ticarət Şirkətinin sədri Yu Chengzun Çində çay mədəniyyəti, Mərkəzi Çində bitkiçiliyin quruluşu və inkişafı haqqında danışıb.Seminarda Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə