Elm ve sivilizasiya yaradılanların soraqındayıq

Yolumuz İstanbulda yerləşən, möhtəşəm uğurlara imza atan və elmi həyatda özünəməxsus yeri olan “Işıq Universiteti”nədir. 1996-cı ildən fəaliyyətə başlayan bu universitet ümumi təhsil sistemində dərslik siyasəti ilə sayılmış-seçilmişdi. Deyilənlərə görə, universitetin sahibkarı “Feyziye Mektepleri Vakfı”dır. Sahibkar yəni “Vakıf” (ingiliscə "foundation") — Osmanlılardan qalan bir adətdir. Bir sıra xeyriyyəçi insanlar bir araya toplaşıb cəmiyyət qurar. Bu cəmiyyət tələbələrin rifahı üçün xeyirxah işlər görər, onlar üçün vacib məsələni müzakirə edər və razılaşdırılmış əsas məqsədi uğurla həyata keçirməyə çalışarlar. Bu qaydanı heç vaxt pozmazlar, əksinə getdikcə qaydaları adətə çevirər və bu ənənəyə sadiq qalarlar. Məsələn, ətraf mühitin qorunması, sahibsiz uşaqlara yardım olunması, təhsil, məktəb və s. Vakıfa çox imkanlı və həssas ruhlu şəxslər qatılar. Gördüyü iş müqabilində dövlətdən heç bir zaman yardım və ya maaş almazlar. Hər hansı bir imkanlı şəxs vakıfa bina bağışlayarsa, qurum bu binanı kirayə verə bilər, ancaq əldə olunan vəsaiti mütləq vakıfın məqsədləri üçün xərcləməlidir. Bu gün Türkiyədə bu cür vakıflara tez-tez rast gəlmək olar və belə qurumlar təhsil alan tələbələrə, onların ailələrinə maddi yardım göstərir.

Buranın qaydalarına görə, bir çox imkanlı şəxslər özəl məktəblər – yəni ilk okul, orta okul, lisey aça bilər, amma universitet heç vaxt. Çünki, universitetləri ya dövlət, ya da vakıflar yarada bilər. İmkanlı şəxslər universitet açmaq üçün, öncə bir vakıf qurmalıdır. Adətən, vakıf qurucuları təşkil olunmuş qrupa yardım məqsədi ilə vəsait yatırar və vakıf yüz milyon dollarlıq pulunu öz məqsədlərinə əsla xərcləməz, yatırılan pulu tələbələr üçün xərcləyər. Əgər vakıfı

quran şəxs ölərsə və ya qurumdan əl çəkərsə vakfı idarə edən “yönetim kurulu”na yeni xeyirxah insanlar gələr. Işık Universiteti də məhz bu adəti üzrə fəaliyyət göstərən bir təhsil ocağıdır. Feyziye Mektepleri Vakfını quran insanlar çoxdan dünyasını dəyişmiş olsalar da Türkiyə bu cür dürüst insanların sayəsində ədalətini, adətlərini qorumuş və yaşatmış bir dövlətdir.

Feyziye Mektepleri Vakfının ilk məktəbi 1885-ci ildə Səlanikdə açılmışdır. Səlanik o zamanlar Osmanlı İmperatorluğuna daxil idi. Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün 1886-87-ci illərdə oxuduğu məktəb də sonralar bu məktəbə daxil edilmişdir. Feyziye Mektepleri Vakfı Türkiyənin ən qədim təhsil ocağıdır. Ona qədər hələ belə təhsil ocağı olmamışdı. Sonralar qurulan yeni modern məktəblər bu təhsil ocağından örnək almışdır. Bu gün də Feyziye Mektepleri Vakfının üç böyük təhsil ocağı – ilk, orta, lisey məktəbləri var və Türkiyənin ən hörmətli məktəblərindən sayılırlar. Işık Universiteti Koç Universitetindən sonra açılan ikinci universitetdir. Bakalavr pilləsi 5 fakültədə 35 proqram, 2 ali pillədə 21 proqram ilə fəaliyyət göstərir. Vakfda Sosial Elmlər və Fənn Elmləri üzrə institutlar da fəaliyyət göstərir. Eyni zamanda 22 aspirantura, 5 doktorantura proqramı ilə ali təhsil pilləsi və xarici dillər məktəbi, intensiv təhsil mərkəzi və digər elmi qurumlar da yüksək peşəkarlıqla fəaliyyətini davam etdirir. Işıq Universiteti müasir və fəal idarəetmə strukturunu tətbiq etməklə güclü kadr heyətini formalaşdırır, biznes və elm dünyasına gələcəyin fəal, savadlı, bacarıqlı və qabaqcıl kadrlarını yetişdirir. Universitet tələbələri üçün böyük imkanlar yaradır. Modern bazis: dərsliklər, tələbələr üçün yataqxanalar, kitabxanalar, sosial və idman təsisləri, təbiətin içərisində 500 min kv. metrlik ərazidə yerləşən universitetdə bir sözlə, tələbələrin hər bir ehtiyacını ödəyə biləcək bir təsisat təsəvvür etmək olar. Həmçinin, müasir tələblərə cavab verən, fakültələr, “Güzel senetler” fakültəsi, “Yüksek okullar” fakültəsi, “Sosial bilimler” fakültəsi, “Fenn Bilimleri” fakültəsi, “Süretli egitim” mərkəzi də fəaliyyət göstərir.

Sevindirici haldır bizim şöhrətli alimlərimiz demək olar ki, dünyanın hər yerində şərəfli, faydalı və nümunəvi bir ömür sürməklə yanaşı həm də vətənimizi layiqincə təmsil edirlər. Bunlardan biri də yuxarıda geniş məlumat verdiyimiz Işıq Universitetində bir müddət riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışmış, hazırda isə həmin kafedranın professoru Elman Həsənoğludur.

Professor E.Həsənoğlu 1948-ci ilin aprelin 15-də Ağdam şəhərində anadan olmuşdur. 1966-cı ildə Ağdam şəhər 1 №li orta məktəbini medalla bitirib, ADU-nun Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. Hələ məktəbdə oxuyarkən Respublika Fizika Olimpiadasında ikinci, Riyaziyyat Olimpiadasında isə birinci yeri tutan Elman müəllim 1971-ci ildə universiteti Lenin təqaüdü ilə bitirərək təyinat üzrə Azərbaycan SSR Elmlər Akademiyası Kibernetika İnstitutunda çalışmağa başlamışdı.

O, ilk elmi işini hələ tələbə ikən yazmışdı. E.Həsənoğlu Respublikada bəlkə də ilk alimlərdəndir ki, aspiranturaya daxil olmadan 1973-cü ildə funksional analiz üzrə (riyaziyyat) namizədlik dissertasiyasını müdafiəyə etmişdir.

1974-77-ci illər arasında Moskva Dövlət Universitetinin doktoranturasında oxuduqdan sonra geri dönmüş, 1978-1990-cı illərdə AMEA Kibernetika İnstitutunda “Kompüter optiki və Radiofizika” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Bu illər ərzində onun elmi işləri SSRİ Müdafiə Nazirliyinin Krımda yerləşən “Uzak Kosmik Rabitə Mərkəzi” deyilən və ən yüksək gizlilik dərəcəsinə sahib, məxfi institutu ilə əlaqəli olmuşdur. O zamanlar uzaq kosmosa göndərilən bir çox peyk və aparatlarla rabitə proqramlarında iştirak etmiş və bu sahədə Ukraynanın Xarkov şəhərində fizika-riyaziyyat elmləri doktoru dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdi.

Professor 1993-cü ildə İstanbul Universitetinin dəvəti ilə işə başlamış və 1999-cu ilə qədər bu universitetdə işini davam etdirmişdir. Həmin illərdə Türkiyənin ilk təsis və tədris vakfı olan, 1885-ci ildə yaradılan Feyziye Mektepleri Vakfının dəvəti ilə Işık Universitetinə gəlmiş və burada fəaliyyətini davam etdirmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, o, bu universitetin kafedra müdiri və professoru kimi fəaliyyət göstərmişdir. Fəxri alimimiz 2002-ci ildə IEEE-nin Xijnyak ödlünə layiq görülmüşdü. Bir çox beynəlxalq elmi cəmiyyət və qurumların üzvü, çoxlu sayda elmi məqalələrin müəllifi, üç kitabın və bir patentin sahibi olan professor, həmçinin “TWMS Journal of Applied and Engineering Mathematics” adlı beynəlxalq jurnalın baş redaktorudur.

Elman müəllim kimi elmi biliyi olan insanlar ali yaddaşın, milli ruhun və idrakın təməl yiyəsidirlər. Eyni zamanda Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərin sırasında həmçinin, Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Məcid Rəsulov, Qoşqar Əhmədov, Cəlal Allahverdiyev, Mirabbas Qasımov, Arif Babayev, Yəhya Məmmədov və başqalarının adını çəksək zənnimizcə yerinə düşər. Çünki onlar bizi yaxın və uzaq xaricdə həmişə uğurla təmsil edin milli ziyalılarımızdır.

Əziz oxucular, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan maarifinin, təhsilinin, elmi biliyinin inkişafı naminə və onun getdikcə daha surətlə inkişafına mühüm işlər görmüşdür. Ulu öndərimiz dünya elminə töhfələr bəxş etmiş, elmi istiqamətdə daha vacib sayılan riyaziyyat elmində öz layiqli yerini tutan Azərbaycan alimlərinə hər zaman dəyər verib. Müdriklərin dediyi kimi, riyaziyyat elmi bütün elmlərin şahıdır. Və biz də Azərbaycanı yüksəklərə ucaldan dünya şöhrətli alimlərimizlə haqlı olaraq qürur duyuruq. Azərbaycan Milli Elmlər Akademiyasının mətbu orqanlarından biri olan “Elm və həyat” jurnalında zaman-zaman ölkəmizin yetişdirdiyi və dünyanın hər yerində yaşayıb-yaradan görkəmli elm xadimləri haqqında məqalələr və elmi-tədqiqat işləri çap olunur. Əlbəttə, bu tələbləri bizim qarşımıza dövlətimiz, xalqımız, dövlət başçımız qoyub. Biz də bundan ilham alaraq, elmi inkişaf etdirmək istiqamətində müraciət edən bütün müəlliflərin əsərlərindəki dərin elmi mülahizələrini, tarixə söykənən maraqlı faktlarını, elmin müxtəlif sahələrdə aparılmış araşdırmaları jurnalımızın səhifələrində arxivləşdiririk və üç dildə dərc edirik. Bildiririk ki, jurnalımız hörmətli alimlərimizin lazımlı və qiymətli elmi kəşfləri ilə dünya elminin inkişafına, insanların elmi-psixoloji səviyyəsinin yüksəlməsinə xidmət edir.

Ümidvarıq ki, sorağında olduğumuz elm adamlarının “Portret və cizgilər”i layihəmiz sizin də marağınıza səbəb olacaq. Məhz oxucuların xalqımızın görkəmli elm adamları ilə tanış olmalarına vəsilə olmaq hesab etdiyimiz ən ümdə vəzifələrimizdəndir.

Turan Rəhimova,

“Elm və həyat” jurnalının məsul katibi

Bütün xəbərlər Facebook səhifəmizdə