Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Ümumi təhsildə keyfiyyət ili"nin yekunlarına həsr olunan konfrans keçirilib. SİA-nın xəbərinə görə, “Keyfiyyətin təminatı: məktəb idarəetməsi və qiymətləndirmə” mövzusuna həsr olunan konfransda idarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Konfransın keçirilməsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəb idarəediciləri və təhsilverənlərin iştirakı ilə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirləri, tədris ilində görülmüş işləri ümumiləşdirmək və nəticələrini müzakirə etməkdir. Həmçinin səmərəli məktəb idarəetmə modelinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirməkdir.

Tədbirdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva 2017-2018-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib. Şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, onların biliyinin qiymətləndirilməsi, davamiyyət, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, şagirdlərin birinci sinfə qəbulu, məktəbəhazırlıq qruplarının təşkilinin əhəmiyyətindən danışan M.Vəliyeva təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması və digər müvafiq məsələlərə də toxunub.

Konfransda məktəbdaxili monitorinqin təşkili və idarəedilməsi, məktəbdaxili qiymətləndirmənin nəticələrindən idarəetmədə istifadəsi, test tapşırıqları və onların hazırlanması, məktəbdə psixoloji xidmətin təşkili və sağlam psixoloji mühitin rolu, təhsilverənlərin fəaliyyətinin artırılması məsələləri müzakirə olunub.

Müzakirələrdə müxtəlif məsələlərlə bağlı təkliflər bildirilib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə