İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesini izləyiblər. Şura üzvləri ATU-nun İmtahan Mərkəzinə baxış keçiriblər və burada aparılan imtahanın gedişi ilə tanış olublar. SİA xəbər verir ki, ATU-nun İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov universitetin mətbuat xidmətinə verdiyi müsahibədə deyib: “Son dövrlər imtahanların formatında dəyişiklik olub. Artıq ikinci ildir ki, üçüncü kursdan yuxarı kursların tələbələrinə 50 sual verilir. Hər sualın cavabı 1 balla qiymətləndirilir. Üçüncü kursda tələbəyə verilən 25 sualın hər birinin cavabı 2 balla qiymətləndirilir”.

Onun dediyinə görə, digər dəyişiklik birinci və ikinci kursların imtahanlarına tətbiq edilib. Belə ki, təməl fənlər üzrə sınaqlarda klassik testlə - yəni, qapalı tipli suallarla yanaşı, açıq tipli suallar da verilir. Tələbələr həmin fənlərdən 10 açıq, 15 qapalı tipli suallara cavab verməlidirlər. Klassik üsulla aparılan testdə hər suala 5 cavab variantı verilir. Lakin açıq suallı testlərdə tələbə özü cavabı tapıb yazır. Açıq tipli sualların tətbiqində əsas məqsəd tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onların dərslik və kitablarla daha çox işləməsinə nail olmaqdır.

İctimai Nəzarət Şurasının üzvləri universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndiriblər. Şura üzvləri ATU-nun imtahan mərkəzi ilə yanaşı, Tədris Stomatoloji Klinikasının tədris mərkəzində də olub və burada aparılan imtahanların gedişini izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə