Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri YENİLƏNİB

Bu gün Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın prezidenti Akif Əlizadə, vergilər naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə “Təhsil” televiziyasının 2017-ci ildə təhsil sahəsində həyata keçirən tədbirlərə və yeniliklərə dair hazırladığı videoxronika nümayiş olunub.

Əvvəlcə Təhsil İnstitunun direktor əvəzi Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlərlə bağlı iştirakçılara ətraflı məlumat verib.

Daha sonra təhsil naziri Ceyhun Bayramov “Təhsil sistemi-vəzifələr və hədəflər” mövzusunda təqdimatla çıxış edib. Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir bunun üçün ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrdən və gələcək hədəflərdən danışıb.

Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəl ilə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb.

Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirən təhsil naziri sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacib olduğunu deyib. Daha sonra çıxış edən AMEA prezidenti Akif Əlizadə söyləyib ki, elm və təhsil ayrılmaz sahələrdir: "Əgər bizim təhsilimiz axsıyacaqsa, bunum elmi də təsiri olacaq. AMEA prezidenti bildirib ki, elm yüksək təhsilə arxalanmalıdır. Əgər elm səmaya yüksələn bir ağacdırsa, onun kökü ali məktəbdir".

A.Əlizadə qeyd edib ki, ali məktəblərin statusları bir birindən fərqlənməlidir: "Ali məktəblər orta məktəblərin davamı kimidir. Məncə bununla bağlı müzakirələr aparılmalı, təhlillər edilməlidir. Elə peşəkar gənclər hazırlanmalıdır ki, onlar müxtəlif avadanlıq və cihazlardan istifadə bacarıqları olmalıdır. Peşə tədrisində mühəndislik, informatika sahəsinə xüsusi diqqət ayrılmalıdır. Alimlərlə təhsilin vəhdəti gələcək uğurların təməlidir. Bu istiqamətdə sıx iş aparılmalı, vəhdət daha da artmalıdır. Akademiya yalnız özü üçün deyil, bütün dövlət üçün kadr hazırlayır. Ali məktəblər akademiyada dövlətin inkişafı naminə çalışmalıdır".

Ötən beş il ərzində təhsil sahəsində aparılan islahatların mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğunu bildirən Baş nazirin müavini Əli Əhmədov dövlət başçısının bu sahəni prioritet elan etməsi nəticəsində ölkəmizin gələcəyinin parlaq olacağına əminliyini ifadə edib. Əli Əhmədov təhsildə görülən işlərin uğurla davam etdirilməsinin vacibliyini önə çəkib və bu sahədə ölkəmizdə müsbət təcrübənin formalaşdığını diqqətə çatdırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB