Əli Əhmədov: "Cəmiyyətin təhsilə olan münasibəti köklü şəkildə dəyişməlidir"
"Son illər Azərbaycanda təhsil islahatları davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verməkdədir". SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini Əli Əhmədov Təhsil Nazirliyinin 2017-ci ildəki fəaliyyəti ilə bağlı keçirilən hesabat tədbirində çıxış edərkən deyib.
O bildirib ki, cəmiyyət və dövlət olaraq təhsil sahəsində nailiyyətlər sevindiricidir: "Azərbaycan Respublikasında bütün sahələr üzrə dərin islahatlar həyata keçirilməkdədir. Təhsil də bundan kənarda qala bilməz. Qarşımızda duran iqtisadi sosial islahatların hədəfləri aydındır. Təhsildə olan islahatlar bu işlərin tamamlanmasını həyata keçirməkdən ibarətdir".
Ə.Əhmədov söyləyib ki, təhsil sahəsində həyata keçirilən islahatlardan gözləntilər təhsilin keyfiyyətinin yaxşılaşması, məhsuldar qüvvənin artırılmasıdır: "Təhsil bütövlükdə Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin yüksəlməsinə xidmət etməlidir. Təbii ki ölkəmizin qüdrətinin artmasına təhsil öz dəstəyini verməlidir. Hesab edirəm ki, təhsil islahatının qarşısında duran məqsədimiz də bunlardan ibarət olmalıdır".
Baş nazirin müavini söyləyib ki, cəmiyyətin təhsilə olan münasibəti köklü şəkildə dəyişməlidir: "Hər bir vətəndaşın təhsilə münasibətinin dəyişməsi məqsədlərimizin həyata keçirilməsində vacib amildir. İnsan kapitalının rolunun artmasında təhsilin keyfiyyət parametrlərinin artırılması ilə bağlıdır".
Ə.Əhmədov vurğulayıb ki, bu gün aparılan diaqnostik qiymətləndirilmədən sonra əmək haqlarının artması müəllim nüfuzunun artmasına kömək edib: "Azərbaycanda orta təhsil səviyyəsində əlçatanlıq tam şəkildə təmin edilib. Ali məktəb səviyyəsində də əl çatanlığın tam şəkildə təmin edilməsinə ehtiyac var. Bu gün dünya əhalisinin 2 faizini tələbələr təşkil edir, Azərbaycanda isə əhalinin 1,3 faizini tələbələr təşkil edir".
Baş nazirin müavini deyib ki, Azərbaycanda fəaliyyət göstərən məktəblərin yarısından çoxunun kiçik məktəb şəklində fəaliyyət göstərməsi orada təhsilin səviyyəsinin yüksəldilməsinə imkan vermir. Belə ki, kiçik məktəblərdə yüksək təhsili təmin etmək çətin olur. Ali məktəblərdə təhsilə sərbəstliyin verilməsi istiqamətində addımların atılmasına ehtiyac var. Tələbə qəbulu ilə bağlı planlama dəyişdirilsə yaxşı olar. Özəl universitetlərin sayının çoxaldılsın. Amma bu çoxalma keyfiyyətə təsir etməməlidir. Azərbaycanda 18-23 yaşlı əhalisinin 14 faizini tələbədir. Bunun artırılması istiqamətində addımların atılmasına ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə