Ali məktəbə qəbul imtahanında tətbiq olunacaq yeni modelin ÜSTÜNLÜKLƏRİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəl ilə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib". SİA-nın xəbərinə görə, bu fikirləri təhsil naziri Ceyhun Bayramov Nazirliyin ötən ilki fəaliyyəti ilə bağlı keçirilən hesabat konfransında deyib.

Bu nailiyyətlərin həm əhatəliliyin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb. 2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu deyən təhsil naziri həmçinin bu istiqamətdə digər hədəfin keyfiyyətin yaxşılaşdırılması olduğunu və artıq bununla bağlı bir sıra layihələrin həyata keçirildiyini bildirib.

Ceyhun Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıqda iş aparılır: "Son 5 ildə ali məktəbə daxil olan tələbələrin sayı, eyni zamanda ali məktəbə qəbul ballarının sayında da artım var. Növbəti ildə ali məktəbə qəbulda yeni modeldə istifadə olunacaq. Bu modelin üstünlüklərindən biri məktəblərin yekun buraxılış imtahanlarının nəticələrinin ali məktəb imtahanlarında nəzərə alınmasıdır. İmtahanlar məzmun baxımından XXI əsrin zəruri bacarıqlarını ölçəcək, daha az fəndən imtahan veriləcək. İmtahan fənlərinin sayı 3-dən 5-ə düşəcək".

Nazir söyləyib ki, bizim göstəricilərimiz arzu istəklərimizi müəyyən zamanda əks etdirməsə də, bu bizə beynəlxalq qiymətləndirmədə iştirakdan yayındıra bilməz: "Əksinə biz bu istiqamətdə tədqiatlarımızı daha da artırmalıyıq".

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikləri diqqətə çatdıran nazir ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişikliyin nəzərdə tutulduğunu vurğulayb: "Belə ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır".

Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirən təhsil naziri sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacib olduğunu deyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə