Müəllimlərin 3,5 faizi 900 manatdan çox maaş alır

"2017-ci ildə Azərbaycanda təhsil alan şagirdlərin sayı 1522487 nəfər olub. Ən çox şagirdi olan rayon Sabunçu (62374), ən az şagirdi olan rayon Sədərək (1287) olub". SİA-nın xəbərinə görə, bunu Təhsil İnstitunun direktor əvəzi Emin Əmrullayev nazirliyin ötənilki fəaliyyəti ilə bağlı keçirilən konfransda çıxış edərkən deyib.

O bildirib ki, 2017-ci ilin qəbul imtahanlarında cari ilin məzunlarının 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: "Lakin 200-dən yuxarı bal toplayanların çəkisinin illər üzrə dinamikasına baxdıqda bu faizin əhəmiyyətli dərəcədə artdığını görmək olar. Sevindirici haldır ki, hər il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı artır. 2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal yüksələrək 177-dən 239-a yüksəlib".

E.Əmrullayev söyləyib ki, Azərbaycanda məktəbəqədər təhsil səviyyəsi 2014-cü ildə 24 faiz idisə, 2017-ci ildə bu rəqəm 60 faizə çatıb. "2004-cü ildə I sinifə qəbul olunanların yaş paylanmasına nəzər yetirsək görərik ki, 69 faiz uşaqlar vaxtında I sinifə qəbul olub. Təxminən 7 faiz uşaq 7 yaşdan yuxarı məktəbin I sinfinə qəbul olub. Azərbaycanda 4500 məktəbdən yarısı kiçik məktəblərin payına düşür. Qısa müddət ərzində az məsrəflə modul tipli məktəblərin quraşdırılması nəticəsində mühüm irəliləyişlər əldə olunub", - deyə direktor əvəzi qeyd edib.

O söyləyib ki, Azərbaycanda şagirdlər ənənəvi olaraq 17 fəndən təhsil alır: "Təmayülləşmə onların meyl maraqları əsasında həyata keçirilir. İstedadlı uşaqların təhsildə iştirakı ilə bağlı işlər görülməkdədir. Fənn olimpiadalarının keçirilməsi bu istiqamətdə əldə olunan uğurlara aiddir".

E.Əmrullayev əlavə edib ki, Azərbaycanda 2014-2017-ci illərdə 134 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə keçib, onların 3,5 faizinin əmək haqları 900 manatdan çoxdur: "Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 35,9 faizi 300-500, 27,1 faizi 500-700 manat, 23,5 faizi 300 manata qədər əmək haqqı alır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə