Çin dili üzrə seçim turu keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə “Çin dili körpüsü” adlı XI beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib. ADU-dan SİA-ya verilən Müsabiqə “Çin dilini öyrən – yeni dünyanı kəşf et” devizi altında məktəblilər arasında baş tutub.

Seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin dilinin təbliği üzrə Dövlət Dəftərxanası – Konfutsi İnstitutlarının qərargahı və Konfutsi İnstitutu tərəfindən təşkil olunub. Müsabiqədə müxtəlif orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri iştirak ediblər. Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin Çin Konsulluğu Şöbəsinin müdiri cənab Sun Fuzhong bildirib ki, müsabiqənin məqsədi Azərbaycan məktəblilərinin Çin dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirməkdir. O, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar, bu “dil körpüsü” vasitəsi ilə Azərbaycan və Çin arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində töhfələr verməyi arzu edib. Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayaraq, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzu edib.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ölkəmizdə Çin dilinin tədrisinin perspektivlərindən, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı, eləcə də respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan çinli tələbələrin sayının artmasından, hər iki ölkənin hökumətləri tərəfindən qarşılıqlı təqaüdlərin verilməsindən danışıb. O, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikası üzrə seçim turu bir neçə mərhələdə keçirilib. İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çin mədəniyyəti haqqında sualları cavablandırıb və bədii nömrələr nümayiş etdiriblər. Sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayner tələbələri tərəfindən hazırlanan “Çin - güllərin səltənəti” moda sərgisində Çin üslubunda qadın geyim nümunələri nümayiş olunub. Məktəblilərin çıxışları ADU və Konfutsi İnstitutunun professorları və müəllimlərinin, Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin də daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...