Qəbul imtahanları: problemlər və onun həlli yolları - ARAŞDIRMA

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qrupları üzrə keçirdiyi yaz qəbul imtahanları yekunlaşıb. İmtahan nəticələrinə əsasən 10 nəfər 700 bal toplayıb. I ixtisas qrupu üzrə 2 nəfər, II ixtisas qrupu üzrə 2 nəfər, III ixtisas qrupu üzrə nəfər 5, IV ixtisas qrupu üzrə isə 1 nəfər maksimum nəticə göstərib. Amma bu uğurlarla yanaşı, az bal toplayıb özünə intihar edənlərə də rast gəldik. İmtahanlarda uğuru yalnız təhsillə bağlamaq nə dərəcədə düzgündür? Bəs görəsən qəbul imtahanlarında yüksək və aşağı nəticə göstərməyin səbəbləri nədir? SİA məsələyə aydınlıq gətirməyə çalışıb.

“Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini övladlarından tələb etməsi düzgün deyil”

Bir müddət öncə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirmişdi ki, qəbul imtahanlarında abituriyentlərin nəticə göstərmələri valideynlərdən asılıdır: "Valideynlər övladlarının ali təhsil almasını istəyirlər. Onlar bunu övladlarının xoşbəxtliyi üçün edirlər. Kitab oxumağa meyli olmayan uşağın hansısa sahədə yaxşı əl qabiliyyəti ola bilər. Yeniyetmələrin fikrini öyrənmək, onlarla dialoqda olmaq lazımdır. Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini övladlarından tələb etməsi düzgün deyil. Bizim müxtəlif maarifləndirici çarxlarımız var. Həmin çarxlarda abituriyentlərin imtahana hazırlaşmaları barədə ətraflı məlumatlar verilib".

“İmtahana yüksək səviyyədə hazırlaşan abituriyentdə həyəcan hiss olunmur”

Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, qəbul imtahanlarında uğurlu nəticə əldə etmək üçün ən əsas amil yüksək təhsildir. Onun sözlərinə görə, abituriyentin hazırlıq səviyyəsi onun psixologiyasına da təsir edir: “İmtahana yüksək səviyyədə hazırlaşan abituriyentdə həyəcan hiss olunmur. Gərginlik daha çox biliyinə əmin olmayan şagirdlərdə çox olur. Amma bütün hallarda məktəbdə müəllimlər, psixoloqlar uşaqlarla bu istiqamətdə çalışmalıdırlar. Cəmiyyətimizdə bir çox hallarda ali məktəbə daxil olmayan zaman elə düşünülür ki, hər şey bitdi. Ancaq yaxşı olardı ki, belə hallarda təhsil almaq üçün digər vasitələri də yada salaq”.

“Azərbaycanda məzunların 30 mindən çoxu ali təhsil hüququ qazanır”

Ekspert bildirib ki, hər kəs seçimini öz biliyinə görə etməlidir: “ Biologiya, kimya, fizikanı bilməyən şəxsin həkimlik peşəsinə yiyələnməsi düzgün deyil. Bu gün ölkəmiz hər 1000 nəfərə düşən ali təhsillilərin sayına görə post-sovet ölkələrindən geridə qalır. Ancaq bu da əsas deyil. Bizdə təxminən məzunların 30 mindən bir az çoxu ali təhsil hüququ qazanır. Digərləri gələcək həyatlarını qurmaq üçün ya kollec, ya peşə təhsilini seçməlidirlər”.

“İmtahanda yüksək nəticə əldə etmək qabiliyyətlə bağlıdır

“Heç bir biliyə malik olmayan, lakin qəbul imtahanlarında yüksək bala iddialı olan şəxslərdə imtahan stressi, psixoloji durumu daha gərgin olur. Müşahidələrə görə, qəbul imtahanlarında test tapşırıqlarında çətinləşmə, proqramdan kənar sualların daxil edilməsi halları müşahidə olunmur. Belə olan halda, əsas məsələ qabiliyyətə bağlı olur. Bu baxımdan deyə bilərik ki, qabiliyyətli uşaqlar daha tolerant və psixoloji durumu yerində olur”, - deyə E. Əliyev qeyd edib.

Valideynlərin uşaqlara təzyiq etməsinin səbəbləri?

Ekspert vurğulayıb ki, imtahanlarda valideynlərin uşaqlara təzyiq etməsinin səbəbi onların hazırlıq prosesinə külli miqdarda vəsait xərcləməsi ilə bağlıdır: “Bildiyiniz ki, Azərbaycanda abituriyentlərin əksəriyyəti ali məktəbə hazırlaşmaq üçün mütləq şəkildə repetitor yanına gedirlər. Belə olduqda, valideyn övladının ali məktəbə hazırlığına xeyli vəsait xərclədiyi üçün bunun qarşılığını istəyir. Təəssüf ki, bizdə müəllimlər çox hallarda imitasiya ilə məşğul olurlar. Yəni repetitorlar da, müəllimlər də şagirdin qabiliyyəti haqqında düzgün məlumat vermirlər. Çünki, bəzi müəllimlər üçün vəsait qazanmaq daha üstündür. Valideyn də uşağının qabiliyyətindən xəbərsiz olduğu üçün çəkdiyi həm mənəvi, həm də maddi vəziyyətin bəhrəsini görmək istəyirlər. Valideynlər yaxşı olardı ki, övladlarına Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən sınaq imtahanlarında iştirakına şərait yaratsınlar və onların nəticələri əsasında övladlarının qabiliyyətini müəyyənləşdirsinlər”.

“Ən ciddi qüsurlarımızdan biri valideynlərin övladlarını yüksək gəlirli ixtisaslarda oxutmağa çalışmasıdır”

E.Əliyev əlavə edib ki, uşaqları ixtisas seçimində nəyəsə məcbur etmək düzgün deyil: “Bizim ən ciddi qüsurlarımızdan biri valideynlərin böyük əksəriyyətinin övladlarını yüksək gəlirli ixtisaslarda oxutmağa çalışmasıdır. Lakin bir çox abituriyent həmin yüksək balı toplamağa müvəffəq olmurlar. Bu cür məqamlarda məktəblər uşaqların qabiliyyətinin hansı ixtisaslara uyğun olmasını müəyyən etməlidir. Misal üçün Çində ildə 15 milyon məzun orta məktəbi bitirir. Bu Azərbaycan əhalisinin sayından 6 milyon çoxdur. Lakin məktəblər həmin uşaqların potensialını açır və valideynlərə məlumat verir. Məzunların bilikləri bütün sahələr üzrə yoxlandıqdan sonra onların hansı istiqamətə yönəltməklə bağlı qərar qəbul edilir. Lakin bizdə bu məsələ ilə heç kim məşğul olmadığı üçün tələbələrin böyük əksəriyyəti işsiz qalır”.

“İmtahan stressi daha çox ailədən yaranır”

Məsələnin psixoloji tərəfləri haqqında danışan Azərbaycan Psixologiya və Psixoterapeya Assosiasiyasının layihə rəhbəri, psixoloq Nurlana İsmayılova bildirib ki, imtahan stressi daha çox ailədə, valideynlər tərəfindən yaradılır. Abituriyentlərin həyatında ən həyəcanlı məqam qəbul imtahanlarıdır ki, bu ərəfələrdə bir çox hallarda onlara həm ev, həm də məktəb tərəfindən müəyyən təzyiqlər edilir. Abituriyentlər də stress keçirəndə bütün ümidləri məhz imtahana bağlayır və düşünürlər ki, əgər bu imtahanlarda uğur əldə etməsəm, o zaman həyatım sönəcək. Belə olan halda, abituriyentlər imtahan zamanı gərgin olur, neqativə kökləndikləri üçün stress keçirirlər. Lakin ailədə, ətrafda imtahana hazırlaşan şagirdlərə qarşı münasibət normal olsa, bu zaman abituriyentlərin özünə inamı daha da artar. Ailə üzvləri abituriyentlərə ona inandıqlarını bildirməklə onlardakı stressi azaltmış olarlar”.

“İmtahanda uğur qazanmaq üçün psixoloji durum vacibdir”

Mütəxəssisin sözlərinə görə, imtahanda uğur qazanmaq üçün psixoloji durum vacib şərtlərdən biridir: “Hər bir uğurun açarı psixoloji durumdur. Əgər insanın psixoloji durumu sakit, sağlam şəkildə olmasa, o zaman insan heç bir uğur əldə edə bilməz. İnsan üçün ən əsası özünə güvənməsidir. Əks halda, atılan addımların heç birində uğura çatmaq mümkün deyil. Bəzən çox savadlı abituriyentlərin də qəbul imtahanında uğur qazanmadığını görürük. Bu, təbii ki onların həyata keçirdiyi həyəcandır ki, sonda neqativ nəticələrə gətirib çıxara bilir”.

“Tələbələr imtahanı adi hal kimi qəbul etməlidirlər”

İmtahana hazırlaşan tələbələrə tövsiyə verən N. İsmayılova qeyd edib ki, abituriyentlər gərgin olmamalı, daha çox gələcəklərini düşünməlidirlər: “Abituriyentlər bilməlidir ki, imtahan hər şeyin sonu demək deyil. Tələbələr belə məqamlarda özlərinə inanmalı, imtahanı adi hal kimi qəbul etməlidirlər. İmtahana hazırlaşan şəxsə ən böyük dəstək onun ailəsi tərəfindən göstərilməlidir”.

“İxtisas seçimi imtahanın nəticəsinə təsir edə bilir”

Psixoloq əlavə edib ki, abituriyentlərin ixtisas seçimi də onların imtahanlarda göstərəcəkləri nəticəyə təsir edir: “Əgər abituriyent öz istədiyi ixtisası üzrə imtahan gedirsə, o zaman onda özünə güvən daha artıq olur. Kiminsə təzyiqi əsasında imtahanda iştirak etməyin özü də uğursuzluqla nəticələnir”.

“Yüksək bal toplamaq abituriyentlərin qarşılarına qoyduqları əsas məqsəd olmalıdır

2018/2019-cu il tədris ili üçün ali təhsil müəssisələrinin yaz imtahanında 700 bal toplayan Texniki Humanitar Liseyinin məzunu Zeynəb Quluzadə bildirib ki, qəbul imtahanlarında yüksək bal toplamaq üçün qarşıya məqsədin qoyulması vacibdir.

Göstərdiyi maksimum nəticəyə görə, müəllim və valideynlərinə borclu olduğunu dilə gətirən Z.Quluzadə söyləyib ki, çalışqan olan hər kəs istənilən uğura nail ola bilər: “Etimad da uğurun bir hissəsidir. Əgər mənə etimad göstərilməsəydi, düşünürəm ki, bu nəticəyə nail ola bilməzdim. Mənim üçün oxumaq artıq vərdiş halını alıb. Bu işdə diqqətli olmağım əldə etdiyim nailiyyətin bir hissəsini təşkil edir. İmtahanda şanslı olmaq da rol oynaya bilir”.

“Qəbul imtahanlarının nəticəsi son yox, başlanğıcdır”

“Mütəmadi olaraq sınaq imtahanlarında iştirak edib yüksək baş topladığım üçün yaz qəbul imtahanında da belə nəticə göstərəcəyim müzakirəsi mövzusu belə deyildi. Maksimum nəticə göstərməsəm də, 680 bal yığacağımdan əmin idim. Amma bütün hallarda uğur əldə etməsəydim də hər şey bununla bitməyəcəkdir. Çünki qəbul imtahanlarının nəticəsi son yox, başlanğıcdır”-, deyə abituriyent söyləyib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə yay qəbul imtahanları iyul ayında keçiriləcək. Bu il imtahanlarda abituriyentlərin ikinci imtahan vermək şansı ilə yanaşı, ixtisas qruplarını dəyişmək şansı da var.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə