Müasir standartlara cavab verən ümumtəhsil müəssisələrinin sayı artır

Dövlət başçısının Sərəncamı ilə Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpa işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 40 milyon manat ayrılıb

Azərbaycanın daxili imkanları genişləndikcə, sosial sahələrə diqqət artırılır. Ölkə daxilində infrastruktur yenidən qurulur, görülən işlər müasir səviyyədə həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələri sırasında yeri olan Azərbaycanın sürətli inkişafı bütün sahələrdə özünü büruzə verir. Təhsil ocaqlarının, səhiyyə müəssisələrinin, uşaq bağçalarının yenidən qurulması, təmiri və inşası istiqamətində də davamlı olaraq işlər görülür. "Son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bunu rəqəmlərin də təsdiqlədiyini vurğulayıb: "Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır".

Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilməsi ilə bağlı qürur hissi keçiririk. Bütün bunlar Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub.

Son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür. Məktəb tikintisi ilə bağlı qəbul olunmuş dövlət proqramları bu sahədə sürətli inkişafı təmin edib. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilir. Bakı və Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında yeni məktəblərin tikintisinə diqqət yetirməklə yanaşı, mövcud məktəblərin əsaslı təmirinə də yer ayrılıb. Bu siyasətin davamı olaraq, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpa işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, 23 may tarixində Azərbaycan Prezident İlham Əliyev "Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpa işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 (qırx) milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb. Sənəddə Binəqədi rayonu Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik yeni binanın inşası, Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi, Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyasının, Ramana qəsəbəsində 78 saylı orta məktəbin, Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin, Zabrat qəsəbəsində 192 saylı orta məktəbin, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi və Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulub.

Təbii ki, təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, dövlət proqramları, islahatlar bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Təbii sərvətlərlə zəngin olan Azərbaycan, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də, neft gəlirləri Azərbaycanda, həm də təhsilin inkişafına yönəldilib. Böyük, müasir və dünya standartlarına uyğun yeni binalar inşa edilib, məktəblərdə əsaslı təmir-bərpa işləri aparılır və bu, davam etməkdədir. Şübhəsiz ki, bütün bunlar təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib. Hər il qızıl medala layiq görülən məzunların sayında artımın olması, təbii ki, təhsilin keyfiyyətindən, bu sahəyə ayrılan diqqət və qayğıdan qaynaqlanır. "Təhsil haqqında" qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqləndi. Beləliklə, 2011-ci ildən etibarən məzunlara qızıl və gümüş medalların verilməsinə başlanıldı. 2011-2012-ci tədris ilində 53 şagird qızıl və gümüş medala layiq görüldü. Rekord göstərici isə 2012-2013-cü tədris ilində oldu. Həmin dərs ilində orta məktəbin 11-ci sinfini 248 nəfər qızıl və gümüş medalla bitirdi. Məzunların 238-i qızıl medala, 10-u isə gümüş medala layiq görüldü. 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edildi. 2015-2016-cı tədris ilində 129 XI sinif məzunu qızıl medalla, 29 nəfər gümüş medalla təltif olundu. Ötən il isə XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edildi. Bütün bunlar Azərbaycan təhsilin uğurlarıdır. Müasir standartlara cavab verən təhsil müəssisələrində yaradılmış şərait bu gün məktəblilərin beynəlxalq olimpiyadalarda iştirakına və müxtəlif layihələrdə qalib kimi adının hallanmasına səbəb olub.

Ardıcıl olaraq təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. Müasir dövrümüzdə bu islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu, keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Ümumiyyətlə, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı uğurla reallaşmaqdadır.

Təbii ki, bu sahədə qazanılan nailiyyətlər ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında özünü qabarıq şəkildə göstərir. Artıq bir neçə ildir ki, ali məktəblərə qəbul imtahanlarında abituriyentlər tərəfindən ən yüksək göstərici - 700 bal toplanılır. Ölkəmizdə bu uğura ilk dəfə 2007-ci ildə rast gəlinib. Həmin vaxtdan indiyədək 700 bal toplayan abituriyentlərin ümumi sayı ilbəil artmaqdadır. Xatırladaq ki, 2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə 9, 2016-cı ildə isə 10 nəfər abituriyent maksimum - 700 bal toplayıb. Bu il də ali məktəblərə keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, 10 nəfər 700 bal toplayıb. Bu yüksək göstəricilərin əldə edilməsi ölkəmizdə təhsilin inkişafına ayrılan diqqətdən və dünya standartlarına uyğun qurulmasından qaynaqlanır.

Azərbaycanın dünyaya inteqrasiya olunduğu zamanda Azərbaycan təhsilinə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə