BSU-da yeni dərsliyin təqdimatı olub

Bu gün Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər kafedrasının hazırladığı "Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)" adlı dərsliyin təqdimatı olub.

Tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov dərsliyin tələbələr, o cümlədən, professor-müəllim heyəti üçün əhəmiyyətini qeyd edib. R.Novruzov bildirib ki, Beynəlxalq münasibətlər kafedrasının dosentləri Ləman Qarayeva, Şəhla Nuruzadə və Zümrüd Məlikovanın müəllifi olduqları dərslik elmi mənbələr əsasında və Azərbaycan Respublikasının təhsil siyasətinə müvafiq şəkildə tərtib olunub: "Müəlliflər dərslikdə qədim dövrdə və orta əsrlərdə dövlətlər arasında beynəlxalq münasibətlərin özünəməxsusluqlarını ictimai həyatın digər tərəfləri ilə sıx əlaqəli olan, eyni zamanda, öz qanunlarına əsasən, inkişaf edən xüsusi reallıq kimi təqdim etməyə çalışıblar".

Kitabın müəlliflərindən dosent Zümrüd Məlikova bildirib ki, "Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)" dörd cildlik kitabın birinci hissəsidir. Z.Məlikova qeyd edib ki, iyirmi üç fəsildən ibarət olan dərslikdə hər müəllifin yeddi mövzusu öz əksini tapıb. Sonra Z.Məlikovanın dərslikdə müəllifi olduğu mövzular barədə məruzəsi dinlənilib.

Həmmüəlliflərindən biri olan dosent Ləman Qarayeva çıxışında bildirib ki, "Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)" dərslikdə sistemləşdirilmiş proqram əsasında mühüm tarixi faktlardan ibarət şərhlər öz əksini tapıb. L.Qarayeva diqqətə çatdırıb ki, dərslikdə beynəlxalq münasibətlərin formalaşmasını və təkamülünü şərh edərkən, tarixi yanaşma ilə yanaşı, siyasi və müqayisəli təhlildən də istifadə edilib. Həmmüəllif qeyd edib ki, dərslik həm bakalavrlar, həm də magistrlar üçün nəzərdə tutulub.

Tədbirdə iştirak edən AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev nəşr olunan yeni dərslik barədə müsbət fikirlər səsləndirib. O, yüksək səviyyəli mütəxəssislər tərəfindən ərsəyə gələn yeni dərsliyin siyasi elmlərin inkişafına mühüm töhfə ölduğunu qeyd edib.

Tədbirdə BSU-nun Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent Hacı Rauf, Beynəlxalq münasibətlər kafedrasının dosenti Alpay Əhmədov, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri professoru Habil Məmmədov dərslik barədə təəssüratlarını bölüşüblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə