Dövlət təhsil müəssisələrinə yeni hüquq verilir

Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malik olacaqlar. SİA-nın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Qanuna təklif edilən digər dəyişikliyə görə, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Qanunda bir bəndin ləğvi təklif edilir. Bu bəndə görə, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.

Təkliflərdə o da qeyd edilir ki, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikasiyaya cəlb edilsinlər.

Təkliflərə görə, təhsilverənlər 5 ildə 1 dəfə sertifikasiyaya cəlb ediləcəklər. Hamilə qadınlar, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiya olunmayacaqlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə