I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. DİM-dən SİA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılacaq.

İmtahanda 33 139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28 055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verir.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə