Olimpiada qaliblərinin ali məktəblərə qəbulunda dəyişiklik olacaqmı?

Bu il ali məktəblərə müsabiqədənkənar qəbul prosesi hazırki qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək. SİA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dünya fənn olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb: "Təhsil Nazirliyinin bununla bağlı hazırladığı təkliflərə biz də müsbət rəyimizi vermişik. Statistikanı araşdırarkən müşahidə etdik ki, respublikada keçirilən fənn olimpiadalarının qalibləri qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Bunu nəzərə alaraq, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə müsbət yanaşırıq".

Qeyd edək ki, Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb. Təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Təkliflər Milli Məclisə də təqdim olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...