ADU-nun Konfutsi İnstitutunda Beynəlxalq Ailə Günü qeyd edilib FOTO

Mayın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunmuş “Azərbaycan və Çin uşaqlarının tərbiyəsi ənənələri” mövzusunda elmi tələbə seminarı keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov “Kitabi Dədə Qorqud” qəhrəmanlıq eposunda ailə ənənələrinə verilən yüksək dəyər haqqında danışıb.

Bildirib ki, oğuzlar üçün ailənin əsas dəyəri uşaqlar sayılırdı, valideynlərin vəzifəsi onların fiziki və mənəvi inkişafına xüsusi diqqət yetirməkdən ibarət idi. R.Abbasov eyni zamanda uşaqların yetişdirilməsində Konfutsizmin rolundan danışaraq, dahi çinli filosof Konfutsinin “Dövlət böyük bir ailədir və ailə isə kiçik bir dövlətdir” sözlərini xatırladıb.

Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Çen Siaocen “Uşaqlıq dövründən təhsil”, “Sevgi və şiddət”, “Dürüstlük”, “Valideynlərin şəxsi nümunəsi” kimi prinsiplərə əsaslanaraq, Çində ailə təhsilinin ənənələri haqqında danışıb. O, həmçinin qeyd edib ki, Çinin ənənəvi təhsili müstəqil, çalışqan, nəzakətli və sədaqətli uşaqların yetişdirilməsini qarşısına məqsəd qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə