Məleykə Abbaszadə: "Nəticələr ötənilki səviyyədədir"

"Mayın 13-də II və III qrup üzrə keçirilən qəbul imtahanının nəticələri ötən ilki səviyyədədir". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. "Siz bilirsiniz iki, DİM nəticələri həm yaz həm də yayda keçirilən qəbul imtahanlarının nəticələri əsasında ən yüksək nəticəni nəzərə alır. Lakin ötən ilin nəticələrini təhlil etdikdə gördük ki, ikinci imtahanlarda iştirak edənlərin nəticəsi 20 faiz daha artmışdı. Bu da o deməkdir ki, builki yaz imtahanının nəticələri yay imtahanında orta hesabla 20 faiz artacaq", -deyə M.Abbaszadə qeyd edib.

O bildirib ki, builki qaydalarda abituriyentlərə fərqli qruplarda imtahan vermək şansı verildiyi üçün builki nəticələr fərqli də ola bilər: "Bəlkə bu il daha fərqli olacaq. Çünki ötən il biz abituriyentlərə imkan vermişdik ki, bir qrupda iki dəfə imtahan versin. Amma bu il abituriyentlərə birinci dəfə iştirak etdiyi qrupu dəyişmək imkanı vermişik. Belə ki, yaz imtahanlarında II ixtisas qrupunda imtahan verən abituriyentlər yay imtahanında III qrup üzrə imtahanda iştirak edə bilir. Bu baxımdan biz hələ bilmirik ki, bu dəyişmələr necə olacaq və nəticələrə necə təsir edəcək. Yalnız iki sessiya başa çatdıqdan sonra hansısa fikir söyləmək olar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə