"Qəbul nəticələrinin aşağı olması məktəblərdə dərs keyfiyyəti ilə bağlıdır“ EKSPERT RƏYİ

Xəbər verildiyi kimi Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalının 12-ci sayında dərc edilən rəqəmlərə əsasən keçən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb. Məlumata görə, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. Ötən il abituriyentlərin 48.7 faizi imtahandan “2”, 18.4%-i “3”, 22.9%-i “4”, 10.0%-i isə “5” qiymət alıb: "2016-cı ildə bu göstəricilər, uyğun olaraq, 55.4%, 16.7%, 19.4%, 8.4% olub. Göründüyü kimi, keçən il “2” qiymət alanların faizi nisbətən azalıb, “3”,“4” və “5” qiymət alanların faizi isə artıb. Bəs görəsən abituriyentlərin aşağı nəticə göstərmələrinin səbəbləri nədir?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, Dövlət İmtahan Mərkəzinin statistikası hər zaman böyük maraqla qarşılanır.

Onun sözlərinə görə, açıqlanan rəqəmlərə əsasən, istər ekspertlər, istər məktəb rəhbərliyi, istər Təhsil Nazirliyinin rəhbərliyində olan şəxslər məktəb və orada verilən təhsil haqqında müfəssəl məlumatlara malik olurlar.

“Abituriyentlərin 48.7%-i 200-dən az bal toplaması qaneedici deyil”

Ekspert olaraq nəticələrdən narazı olduğunu deyən E.Əliyev söyləyib ki, abituriyentlərin təxminən yarısının aşağı nəticə göstərməsi qaneedici deyil: “ Bütün bunlar məktəb təhsilindəki gerimələrin nişanələridir. Hazırda dünyada təkcə tələbə qəbuluna görə təhsilin, tədrisin keyfiyyəti qiymətləndirilmir, həm də ölkələr birmənalı olaraq funksional savadsızlığın aradan qaldırılması üçün müxtəlif tədbirlər görürlər. Bəzən orta təhsil müəssisəsinin məzunu oxumağı, yazmağı, hesablamağı bacarmır. Bu nəticələrin qorxulu tərəfi funksional savadsızlığın sahəsinin genişlənməsi işarə edir”.

“Məktəb idraəetməsində ciddi işlər görülməlidir”

Qəbul imtahanlarında yuxarı nəticə göstərənlərin sayında pozitiv dəyişikliklərin olduğunu qeyd edən E. Əliyev söyləyib ki, əgər məktəbin şagirdə verdiyi təhsil sənədi kamal attestatıdırsa, o zaman mütləq şəkildə hər bir şagird yazmağı, oxumağı, hesablamağı, öz fikirlərini bildirməyi bacarmalıdır: “Məktəb cəmiyyətə belə məzunlar verməlidir. Bu baxımdan məktəb idarəetməsində, məktəbdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında, dərsliklərin yenidən yazılması istiqamətində ciddi işlər görülməlidir”.

“Müəllimlərin diaqnostik qiymətləndirilməsi də nəticəyə təsirini göstərə bilmədi”

“Müəllimlərin bilikləri ilə bağlı Təhsil Nazirliyi tərəfindən son 5 ildə diqanostik qiymətləndirilmə aparılsa da, görünür bu istiqamətdə aparılan işlər statistik rəqəmlərə təsirini göstərə bilmədi. Bu, hamını düşündürməli, gələcəkdə müəllimlərin biliklərinin qiymətləndirilməsi, müəllim seçiminin imtahan vasitəsilə həyata keçirilməsi, yeni nəsil dərsliklərin yazılması ilə bağlı işlər həyata keçirilməlidir ki, yuxarıda sadalanan rəqəmlərin səviyyəsi aşağı düşsün. Bəziləri qəbul imtahanlarında DİM-tərəfindən hazırlanan suallarda kənara çıxmalarıın olması ilə bağlı fikirlər irəli sürürlər. Bəzən bildirilir ki, guya DİM proqramdan kənar suallar tərtib edir. Amma bütün bunlar absurddur. Hələ heç kim bu quruma proqramdan kənara çıxmanı sübuta yetirə bilməyib. Sadəcə məktəbdə davamiyyət yüksəldilməli, fənnini bilməyən müəllimlər kənarlaşdırılmalıdır. Müəllim hazırlayan ali təhsil məktəblərində təhsilin keyfiyyəti ciddi nəzarətə götürülməli, monitorinq aparılmalıdır. Çünki XXI əsrdə biz 48.7 faiz göstərici ilə funsional savadsızlığa doğru gedə bilmərik”, - deyə ekspert qeyd edib.

“Şagirdlərin repetitorlara müraciət etməsinin əsas səbəbi məktəblərdə dərs keyfiyyəti ilə bağlıdır“

Məktəb şagirdlərinin repetitorlara müraciət etməsinin əsas səbəbi məktəblərdə görən E.Əliyev söyləyib ki, məktəb müəllimi konkret olaraq öz fənninin yüksək səviyyədə tədrisini məktəbdə həyata keçirməlidir: “Birincisi repetitor təhsili uşaqları məktəbdən yayındırır, ikincisi əlavə böyük xərcdir ki, bu da valideynlərin büdcəsinə ziyandır, üçüncüsu isə müəllimlər məktəb tədrisinə könülsüz yanaşırlar. Bir çox ölkələrdə bunun qarşısı məktəbdə əlavə dərslərin çox az ödənişlə həyata keçirilməsi ilə alınır. Elə ölkələr var ki, şagirdlər gününün 8-10 saatını məktəbdə keçirirlər ki, proqramları mənimsənilsin. Repetitorlar proqramın mənimsənilməsində heç bir rol oynamırlar. Sadəcə uşaqları test tapşırıqlarına uyğunlaşırıb, ötən illərdəki nəticələrlə müqyisələr əsasında hazırlıq keçirlər.

“Şagirdlərin qəbul imtahanlarında aşağı nəticə göstərməsi məktəblərdə dərs keyfiyyəti ilə bağlıdır”

Statistikaya əsasən məzunların məktəb proqramının 48-70%-ni mənimsəməməsi məsələsinə gəldikdə ekspert vurğulayıb ki, proqramın mənimsənilməsini məhz məktəb həyata keçirməlidir: “Qəbul imtahanlarında aşağı nəticənin göstərilməsi elə bununla bağlıdır. Əgər məktəb proqramı yüksək səviyyədə şagirdə mənimsədə bilsə, o zaman imtahanlarda yüksək nəticə əldə etmək mümkündür. Bu da orta məktəb müəllimlərinin vəzifə borcuna daxildir. Bu gün müəllimlərdən keyfiyyətli dərs tələb olunmalıdır. Burada məktəb idarəçiliyi də təkmilləşməlidir. Əgər məktəblərdə bütün hallarda davamiyyətin 100 faiz həyata keçirilməsi ilə bağlı qarşıya məqsəd qoyulsa, o zaman məktəblilər çox az hallarda repititora müraciət edə bilərlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...