BANM Qazaxıstan-Britaniya Texniki Universiteti ilə memorandum imzaladı

Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb.

BANM-dan SİA-ya verilən məlumata görə, imzalanma mərasimində BANM-ın rektoru Elmar Qasımov, Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev, universitetin IT fakültəsinin dekanı, professor Fuad Hacıyev, BANM-ın Proseslərin avtomatlaşdırılması kafedrasınin müdiri Manafəddin Namazov və digərləri iştirak ediblər.

Görüş zamanı Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM-ın fəaliyyəti, təlim-tədris proqramları, Ali Məktəbin son uğurları və yenilikləri haqqında qonaqlara məlumat verib. Daha sonra Elmar Qasımov Qazaxıstan-Britaniya Texniki Universitetilə BANM arasında yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu bildirib.

Görüş zamanı iki universitet arasında tələbə və müəllim mübadilə proqramları, tədqiqat layihələrində və konfranslarda iştirak, birgə akademik proqramlarda, peşəkar inkişaf proqramları və təlimlərdə iştirak, fakültə üzvlərinin və tədqiqatçıların mübadiləsi, tələbələrin mübadiləsi kimi məsələlər müzakirə olunaraq razılıq əldə olunub.

Daha sonra BANM-ın rektoru Elmar Qasımov və Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev əməkdaşlıq haqqında razılığa dair Anlaşma Memorandumunu imzalayıblar.

Sonda qonaqlar yaranmış münasibət və diqqət üçün Ali Məktəbin rəhbərliyinə təşəkkür edib və əməkdaşlığın uğurlu olacağına əmin olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə