İnşa yazı müsabiqəsinin final mərhələsi

Paytaxt məktəblərinin şagirdləri arasında “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsinin final mərhələsi keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 nömrəli tam orta məktəbdə təşkil olunan final mərhələsində, ümumilikdə, 264 şagird iştirak edib.

IX, X və XI sinif şagirdləri həcmi 250-300 sözdən ibarət olan yazı təqdim ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən inşa yazı müsabiqəsində mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın şəkildə ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət olunması kimi meyarlar əsas götürülüb.

Müsabiqəsinin qalibləri 5 ballıq sistem ilə qiymətləndiriləcək. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə