Azərbaycanın və Qazaxıstanın iki ali məktəbi arasında memorandum imzalanıb

Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev ilə görüşüb. İki ali məktəb arasında akademik mübadilə və tələbə mübadiləsinə dair memorandum imzalanıb. Sənədi rektorlar M.Babanlı və K.İbraşev imzalayıblar.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, M.Babanlı universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, ixtisaslar, eləcə də startap məktəbi və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında qonaqlara məlumat verib. Azərbaycanda texnikiyönümlü kadr hazırlayan ən köklü ali təhsil ocağı olan ADNSU-nun keçmiş nüfuzunun bərpası istiqamətində genişmiqyaslı islahatların aparıldığı qeyd edilib. Universitetdə gedən inkişafın fonunda keyfiyyətlə yanaşı, kəmiyyətin də yüksəldiyini diqqətə çatdıran rektor hazırda universitetdə 500-dək əcnəbi tələbənin təhsil aldığını vurğulayıb. M.Babanlı Qazaxıstanı dost və qardaş ölkə hesab etdiyini və Qazaxıstan -Britaniya Texniki Universiteti ilə etibarlı tərəfdaş kimi uğurlu əməkdaşlığın olacağına inandığını bildirib.

ADNSU ilə tanışlıqdan məmnunluğunu bildirən K.İbraşev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, universitetdə aparılan elmi işlərdən və tədris prosesindən danışıb. Qazaxıstanlı gənclərin ADNSU-da təhsilə xüsusi maraq göstərdiklərini qeyd edən rektor mübadilə sahəsində, həmçinin digər istiqamətlərdə əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə