Dilarə Cəbrayılova: "Təhsilin keyfiyyətinin artırılması başlıca hədəflərindəndir"

"Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modern inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca strateji hədəflərindəndir". SİA-nın verdiyi məlumata görə, bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur.

"Respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini reallaşdıran müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirilib, təhsil işçiləri qarşısında yeni vəzifələr qoyulub. Bununla yanaşı, müstəsna əhəmiyyət kəsb edən müvafiq Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması istiqamətində genişmiqyaslı işlər görülüb və mühüm nəticələr əldə olunub. Qarşıdakı dövrdə isə təhsil sisteminin yeniləşməsinə, müəllim nüfuzunun artmasına, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına, insan kapitalının inkişafına təkan verəcək, ölkəmizin iqtisadi inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcək tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub"-deyə, deputat qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə