Moskvada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

ADU-dan SİA-ya verilən məlumata görə, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi" mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda konfransın bölmə iclasları keçirilib.

Aprelin 18-də Moskva Dövlət Linqvistik Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda bölmə iclası keçirilib.

Tədbir Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Sonra bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Rusiya üzrə nümayəndəsi Nigar Axundova Ümummilli lider Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin Rusiya dövrünə dair maraqlı faktlar açıqlayıb, dahi şəxsiyyətin sənaye, səhiyyə, sosial həyat və digər sahələrdə mühüm islahatlar həyata keçirdiyini qeyd edib. O, bildirib ki, ulu öndər Heydər Əliyev fəaliyyəti boyu Azərbaycanda tolerantlıq mühitinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmayıb, həmişə bunu yüksək qiymətləndirib.

Tarixçi Manaf Ağayev Ümummilli Liderin Rusiyada Azərbaycan diasporunun formalaşmasında xidmətlərindən danışıb, azərbaycançılıq ideyasının inkişafında xüsusi rolu olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın tolerant bir ölkə kimi mədəniyyətlər və dinlər arasında dialoq yaratdığını qeyd edib.

ADU-nun Rusiyaşünaslıq mərkəzinin müdiri professor Məmməd Əliyev “Heydər Əliyev və müasir Azərbaycanda dini tolerantlıq” mövzusunda məruzə ilə çıxış edib. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabından sitatlar gətirən professor Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu, eləcə də Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsü olduğunu söyləyib. Qeyd edib ki, etnik millətçilik etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır, Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Professor deyib ki, hər bir ölkə onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətəni olmalıdır, bu baxımdan Rusiya və Azərbaycan örnək göstərilə biləcək ölkələrdir. Sonda sözügedən kitabı universitetin ktabxanasına təqdim edib.

MDLU-nun tarix elmləri fakültəsinin dekanı Vladimir Korneyev, MQLU Elmi Şurasının elmi katibi Anton Yemelyanov və başqaları ulu öndər Heydər Əliyevin Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərindən, zəngin dövlət idarəçilik təcrübəsindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə