“UPBA Bakı-2018”-in iştirakçıları Ulu öndərin məzarını ziyarət ediblər

Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyi etdiyi Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) Bakıda keçirilən ikigünlük “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransının iştirakçıları Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, onun xatirəsini dərin ehtiramla yad ediblər. Universitetdən SİA-ya verilən xəbərə görə, iştirakçılar həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, konfransda 20-dək ölkədən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edir.

Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə