ADU-da ənənəvi Çin Təbabəti üzrə ustad dərsləri keçirilib FOTO

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin təbabəti üzrə seminar təşkil olunub. ADU-dan SİA-ya verilən məlumata görə, konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov ənənəvi Çin təbabətinin tarixi, müxtəlif terapiya üsulları, fəlsəfi konsepsiyalar və praktiki təlimlər (yin və yan, çiqon, feng, shui) haqqında danışıb. R.Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini deyərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında sağlamlıq və tibb elmləri sahəsində imzalanmış əməkdaşlıq haqqında dövlətlərarası sazişi xatırladıb.

Seminarda çıxış edən "Yanquan" Pekin Elmi-Tədqiqat İnstitutunun direktoru, Pekin Otorinolarinqoloji Xəstəxanasının baş həkimi, Çin tibb sahəsi üzrə ekspert Li Tiehun müayinələr, tənəffüs diaqnostikası, palpasiya, moxoterapiya, fitoterapiya, terapevtik gimnastika məşğələləri, terapevtik pəhriz daxil olmaqla, ənənəvi Çin təbabəti diaqnostikasının əsas qaydaları və üsullarından bəhs edib.

Seminar çərçivəsində xanım Li Tiehun ənənəvi akupunktur və Çin masaj texnikaları üzrə ustad dərsləri keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...