Vətəndaş müraciətlərinə operativ reaksiya verilir

Birinci sinfə mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qeydiyyat prosesi müddətində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Alternativ Qeydiyyat Mərkəzləri ilə birgə) 3 000-dən çox vətəndaş müraciəti daxil olub. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, ötən müddətdə birinci sinfə şagird qəbulu ilə bağlı BŞTİ-yə 1 345 ərizə və 40 məktub ünvanlanıb. 151 vətəndaş müvafiq məsələlərlə bağlı qəbul edilib. Daxil olan telefon zəngləri də operativ şəkildə cavablandırılıb.

Hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən valideynlərə kömək üçün yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə isə 1 312 müraciət daxil olub.

Qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə müvafiq ümumi təhsil müəssisəsində fəaliyyət göstərən Apelyasiya Komissiyaları da vətəndaşlara zəruri dəstək verir.

Bundan əlavə, birinci sinfə mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə daha çevik cavab vermək məqsədilə yaradılmış “Əlaqə” bölməsinə 200-dən çox onlayn müraciət daxil olub və bütün müraciətlər müvafiq müddət ərzində cavablandırılıb.

Qeyd edək ki, birinci sinfə qəbulla bağlı həmçinin, “Əlaqə” bölməsi vasitəsilə valideynlərə rəsmi müraciət etmək imkanı yaradılıb.İndiyədək mektebeqebul.edu.az saytının “Əlaqə” bölməsində valideynlər yalnız qısa suallara cavab ala bilirdilərsə, artıq bu bölməyə yazılan müraciətlər rəsmi müraciət kimi qəbul edilir. Bu yenilik valideynlərin vaxt itkisinin qarşısının alınması, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxa bilən obyektiv ləngimələrin aradan qaldırılması və müraciətlərin daha operativ cavablandırılması məqsədlərinə xidmət edir. Odur ki, valideynlərin birinci sinfə onlayn qeydiyyat prosesində onları maraqlandıran məsələlərə daha operativ cavab almaları üçün əsasən, elektron sistemin “Əlaqə” bölməsinə müraciət etmələri tövsiyə olunur.

Onu da qeyd edək ki, aprelin 12-nə (saat 11:00) olan məlumata əsasən, elektron sistem mektebeqebul.edu.az vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 40 000-ə yaxın sorğu yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə