ADU-da “Bakı EXPO 2025” layihəsinin təqdimatı keçirilib FOTO

Aprelin 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Bakı EXPO 2025” Əməliyyat Katibliyinin nümayəndələri Azərbaycan Dillər Universitetində (ADU) “SABAH” qruplarının və “BİR” Tələbə Könüllü proqramının dəstəyi ilə tələbələrə “EXPO 2025” Ümumdünya Sərgisi haqqında təqdimat ediblər.

ADU-dan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov müasir dövrdə insanlar arasında mədəni mübadilə, dostluq münasibətlərinin qurulması ilə xarakterizə olunan sərgi hərəkatının hökm sürdüyünü deyib: “Bildiyimiz kimi üç hissədən ibarət olan sərgi hərəkatının başlanğıcı 1851-ci olaraq göstərilir. Birinci mərhələdə insanlar öz sənaye nailiyyətlərini, ikinci mərhələdə mədəni dəyərlərini paylaşırlar. Sonuncu mərhələ təqribən 1980-ci illərin sonlarından başlayıb və bu mərhələdə dövlətlər öz brendlərini nümayiş etdirirlər. Biz hazırda üçüncü mərhələdəyik və ölkə prezidenti İlham Əliyevin söylədiyi kimi bu gün Azərbaycan öz brendini dünyaya təqdim edir”. Ekspo sərgisinin faydaları, daha geniş ictimaiyyətə çatdırılması və Azərbaycan gənclərinin ekspo layihəyəyə dəstəyinin əhəmiyyətini vurğulayan S. Hüseynov tələbələri “Bakı EXPO 2025”-nin təbliğində fəal olmağa səsləyib.

Gənclər və İdman Nazirliyi, Beynəlxalq standartların tətbiqi bölməsinin müdiri, EXPO Səhiyyə Mövzusunun eksperti Məryəm Qafarzadə bildirib ki, “Bakı EXPO 2025” innovasiyaların, yeni icadların, eyni zamanda ölkə mədəniyyətinin nümayiş olunacağı layihədir. O, Ümumdünya Ekspo Sərgisinin Bakıda keçiriləcəyi təqdirdə

paytaxtın şərq hissəsində 200 hektarlıq sahədə dövlət gerbimizi əks etdirən səkkizguşəli ulduz formasında sərgi binası inşa edilməsi, gənclər üçün yaradılacaq karyera imkanları və Bakının ev sahibliyinə namizədliyi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Təhsil Nazirliyinin sektor müdiri, EXPO Təhsil Mövzusunun eksperti Cəsarət Valehli qeyd edib ki, ölkəmizin Ümumdünya Ekspo 2025 sərgisinə ev sahibliyi gələcəkdə keçiriləcək böyük beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübənin davamı olacaq: “Mən Bakı EXPO 2025-i Azərbaycan gəncinin öz imkanlarını genişləndirməsi üçün ən möhtəşəm platforma olaraq görürəm”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini, EXPO Məşğulluq Mövzusunun eksperti Rəna Abdullayeva “Nailiyyət: Məşğulluğun gələcəyi” adlı təqdimatında qloballaşma, dünya əmək bazarında mövcud vəziyyət, virtual iş yerləri barədə çıxış edib.

Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi və ölkəmizin ev sahibliyi etdiyi tədbirləri əks etdirən videoçarx nümayiş olunub.

Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə “Milan Ekspo 2015” Ümumdünya Sərgisində iştirak edib. Azərbaycan daha sonra “Antalya Expo 2016” və “Astana Expo 2017” beynəlxalq sərgilərində yüksək səviyyədə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə