UNEC-də Novruz şənliyi - müəllimlərlə tələbələr yarışıblar

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Novruz bayramına həsr olunan şənlik keçirilib. UNEC-dən SİA-ya bildiriblər ki, xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı UNEC-in bütün tədris binalarında qeyd olunub. Tədbirdə tələbələrin Novruz atributlarından ibarət hazırladıqları kreativ xonçalar sərgilənərək, şənliyə xüsusi bayram ab-havası verib.

Fakültələrin təmsil olunduqları stendlərlə tanış olan UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin əl işlərini yüksək dəyərləndirib. Ə.Muradov bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə UNEC kollektivini və tələbələri təbrik edib, onlara xoş arzularını çatdırıb.

Şənlikdə müəllimlərlə tələbələr arasında Novruz yarışları keçirilib, müsabiqələr təşkil edilib. Novruz ənənələri və atributları UNEC-in əcnəbi tələbələrinin xüsusi marağına səbəb olub.

UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri şənliyi daha da unudulmaz edib. Novruz bayramının məşhur personajları Kosa və Keçəl bayram şənliyinə xüsusi rəng qatıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə