“Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında “Ən yaxşı şeir ifaçısı” adlı bədii qiraət müsabiqəsi keçirilir.

İdarədən SİA-ya verilən məlumata görə, ““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” adlı müsabiqənin keçirilməsində əsas məqsəd Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətlərini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Müsabiqə 2 yaş qrupu üzrə (10–14 və 15-18) mart və aprel aylarında üç mərhələdə keçirilir. Müsabiqənin I mərhələsi 15 mart–10 aprel tarixlərində təhsil müəssisələrində təşkil olunur. Məktəbdaxili yarışmada hər yaş qrupu üzrə yalnız I yerin qalibləri rayon mərhələsində iştirak etmək hüququ qazanacaq. Müsabiqənin II mərhələsi 13-20 aprel tarixlərində olacaq. “Ən yaxşı şeir ifaçısı” adlı bədii qiraət müsabiqəsinin III mərhələsi isə 25-28 aprel tarixlərində baş tutacaq. Müsabiqənin III mərhələsində rayon mərhələsində hər yaş qrupu üzrə I, II və III yerləri tutmuş şagirdlər iştirak edəcək.

Müsabiqənin əsasnaməsinə əsasən, seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlardır. Qeyd edək ki, hər bir şeirin ifası üçün ayrılmış vaxt 5-7 dəqiqədir.

“Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin qalibləri 5 ballıq sistemi üzrə qiymətləndiriləcək.

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə