Cənub bölgəsinin məktəbliləri Şimal bölgəsinə yola düşüblər

Respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaların doqquzuncu turuna start verilib. SİA-nın məlumatına görə, Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Martın 15-də tur-aksiyasının ”Astara-Quba-Qusar-Xaçmaz” marşrutunun iştirakçılarını yola salmaq üçün Astara Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları - Astara şəhər 1 saylı tam orta məktəbinin XI sinif şagirdi Taleh Həsənov, həmin məktəbin IX sinif şagirdi Nuray Həsənzadə və valideyn Maşxan kənd sakini Qəhrəman Rzayev çıxış edərək tur-aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib, Vətənimizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə