Qərbi Kaspi Universiteti və “Norm” şirkəti birgə təhsil layihələri həyata keçirəcək

Qərbi Kaspi Universiteti (Western Caspian University) və “Norm” şirkəti arasında əməkdaşlıq memorandum imzalanıb.

Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas və “Norm”şirkətinin Baş İcraçı Direktoru Henning Sasse tərəfindən imzalanan Memoraduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.

Tərəflər arasında imzalanmış sənəd müxtəlif sahələr üzrə elmi tədqiqat işlərinin aparılmasında stimullaşdırıcı tədbirlərin qarşılıqlı həyata keçirilməsi, tələbələrin təcrübə keçməsi üçün dəstək verilməsi, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək verilməsini nəzərdə tutur.

Eyni zamanda, razılaşmaya əsasən, “Norm” MMC universitet tərəfindən qurulmuş Texnoparkın (Yüksək Texnologiyalar Parkının) inkişaf etdirilməsi və orada müxtəlif istiqamətlər üzrə startap layihələrinin həyata keçirilməsi sahəsində öz təcrübəsini bölüşəcək, xüsusilə mühəndislik sahələri üzrə birgə layihələr reallaşdırılacaq.

Bütün bunlar isə gənclər üçün praktik biliklərin əldə edilməsi, işgüzar bacarıqların inkişaf etdirilməsi və işlə təminolunma baxımından olduqca əhəmiyyətli olacaq.

İmzalanma mərasimindən sonra qonaqlar universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində qurulmuş laboratoriya və mərkəzlərlə tanış olublar. Məlumat verilib ki, cari tədris ilindən etibarən Qərbi Kaspi Universiteti mühəndislik ixtisasları üzrə kadr hazırlığı həyata keçirir, universitetdə bu ixtisasların yüksək səviyyədə tədrisi üçün müasir laboratoriya və mərkəzlər, eyni zamanda Yüksək Texnologiyalar Parkı qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə