Dövlət İmtahan Mərkəzi nəticələri açıqladı

11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə günlük yekun məlumat açıqlanıb. SİA-nın verdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 yanvar tarixindən elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 14 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 101 müsahibədən 62-si baş tutub, 39 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 15-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Qeyd edək ki, DİM namizədlərin müsahibədə iştirak etməmələrini namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə etdiyini və belə halların DİM-in məlumat bazasında qeydiyyata alındığını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə