İntellektual olimpiadanın Naxçıvan şəhər birinciliyinə yekun vurulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının Naxçıvan şəhər birinciliyi başa çatıb. Xəbər verilir ki, birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Olimpiada çərçivəsində “Nuh yurdu”, “Kim? Nə? Hara?”, “Vətəni tanı” intellektual oyunları, “İntellektual gənc” bilik yarışması təşkil olunub.

Yekun nəticəyə əsasən “İntellektual gənc” bilik yarışmasında qalib adını Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdi Sahilə Yusifova qazanıb. Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Həbibə Babayeva ikinci, 11 nömrəli tam orta məktəbin şagirdi Əjdər Rzalı üçüncü olublar.

“Kim? Nə? Hara?” intellektual oyununda isə Heydər Əliyev adına tam orta məktəbin şagirdi Göyərçin Quliyeva rəqiblərini üstələyib. Digər iki pillədə 11 nömrəli tam orta məktəbin şagirdi Fidan Gülməmmədova və 14 nömrəli tam orta məktəbin şagirdi Anar Mikayılov qərarlaşıblar.

“Vətəni tanı” intellektual oyununun qalibi Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası olub. Naxçıvan Qızlar Liseyinin komandası və 16 nömrəli tam orta məktəbin komandası isə müvafiq olaraq ikinci və üçüncü olublar. “Nuh yurdu” intellektual oyununda “Hədəf” komandası birinci, “Zirvə” komandası ikinci, “Gülüstan” komandası isə üçüncülüklə kifayətləniblər.

Qaliblərə təşkilatçıların diplom, fəxri fərmanları və oxunması zəruri olan kitablar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə