Azərbaycanda modul tipli məktəblərin sayı artır

Ölkə başçısının Sərəncamı ilə Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında 444 şagird yerlik modul tipli 8 məktəb quraşdırılacaq

Bu gün ölkəmizin qarşısında duran əsas vəzifələr uğurla icra edilir. Azərbaycanın uğurlu inkişafı təmin edilir, təhlükəsizlik yüksək səviyyədə qorunur və ictimai-siyasi sabitlik möhkəmlənir. Demokratik cəmiyyət quruculuğu, dünya birliyinə inteqrasiya sahəsində ciddi nailiyyətlərə imza atan Azərbaycan dünya ölkələri ilə münasibətlərini suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq norma və prinsiplər əsasında quraraq, beynəlxalq birliyin etimadını qazanıb.

Ölkə başçısının rəhbərliyi ilə son 14 il ərzində Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb, bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri, köklü iqtisadi islahatlar həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Son illərdə ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə təhsil sahəsində də böyük uğurlara imza atılıb. Bütün ölkə ərazisində təhsilin keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərən məktəbə hazırlığın əhatəliliyinin genişləndirilməsi prioritet hesab edilir. 2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbə hazırlıq qrupları təşkil olunub və 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. Bu dərs ilində isə məktəbə hazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb. Bu uğurları qeyd edərkən, təkcə ötən ildə ölkədə 133 yeni məktəbin tikildiyini, 14 məktəbin əsaslı təmir edildiyini, 500-ə yaxın məktəbdə isə cari təmir işləri aparıldığını qeyd etməliyik. Bu statistik rəqəm təhsilə dövlət qayğısının göstəricilərindəndir. Yüksək və keyfiyyətli təhsildən danışırıqsa, müasir

standartlara cavab verən təhsil ocaqlarını olması zəruriət yaradır. Təbii ki, cari ildə də məktəblərin tikilməsi, bərpa və təmir olunması nəzədə tutulub. Belə ki, bölgələrdə yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. Bununla yanaşı, 14 təhsil müəssisəsinin tikintisi də nəzərdə tutulur.

Xatırladaq ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91%) regionların payına düşür. O cümlədən, ötən il ölkəmizin 40-dan çox bölgəsində 106 qəzalı vəziyyətdə olan təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub.

Ölkəmizdə təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəb quraşdırılacaq. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 590 000 (iki milyon beş yüz doxsan min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılacaq.

Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində, istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Görülən işlərin davamı olaraq, qeyd edək ki, cari ildə, ümumilikdə, 41 rayonda 137 modul tipli məktəb inşa olunacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə